ABŞ prezidenti Donald Tramp Yaxın Şərq ölkələrinə səfərə çıxıb. Ancaq bu səfərdə İsrailə getməyi planlaşdırmayan Trampın addımı maraqla qarşılanıb. Bəs görəsən, Trampın İsraili kənarda qoymasının səbəbi nədir?
Mövzunu KONKRET.az-a siyasi şərhçi Telman İsa şərh edib:
“Bu, Trampın Ərəb ölkələrinə ilk geniş səfəridir. Bu səfərlə bağlı İsrail də narahatlıq keçirir. Çünki Netanyahu Trampın inaqurasiya mərasimindən sonra artıq iki dəfə ABŞ-da olub. Ancaq Amerika lideri hələ bir dəfə də olsun İsrailə getməyib. Lakin bir çox rəsmilər iki lider arasında həddən artıq çox təmasın olduğunu əsas gətirərək, Trampın İsrailə getməməsini bununla əlaqələndirirlər. Yəni onlar iki dəfə görüşüblər və tərəflər arasında həddindən çox telefon danışığı olub. Ancaq İsrail mediası hələ də iki lider arasında soyuqluq olduğunu yazır. Məlumdur ki, Trampın İranın uranın zənginləşdirilməsi ilə bağlı qərarına mane olmaması Netanyahunu xəyal qırıqlığına düçar edib. Trampın İsrailə səfər etməməsinə səbəb kimi bu amil də göstərilir. Eyni zamanda İsrailin Qəzzada atdığı addımlar Tramp tərəfindən müsbət qarşılanmır. Tərəflər arasındakı soyuqluğun bir səbəbi də bu faktorla bağlıdır. Görünən odur ki, Trampın Yaxın Şərqə səfəri daha çox iqtisadi məqsədlərlə əlaqəlidir. Bunun nəticəsidir ki, Səudiyyə Ərəbistanı ABŞ-a ən azı 1 trilyon dollar həcmində sərmayə qoyacağını vəd edib. Təbii ki, Tramp da bununla bağlı Səudiyyənin addımlarını gözləyir. Bu görüşlərdə ABŞ-İran məsələsi də əsas təşkil edəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az