Yay mövsümündə necə qidalanmalıyıq? – MÜHÜM MƏQAMLARbackend

Yay mövsümündə necə qidalanmalıyıq? - MÜHÜM MƏQAMLAR

Yay mövsümündə düzgün qidalanma orqanizmin sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bəs, isti havada necə qidalanmaq lazımdır?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova KONKRET.az-a açıqlamasında isti havalarda necə qidalanmaq vacib olduğunu deyib.

Onun sözlərinə görə, yay mövsümü meyvə və tərəvəzlərin bol olduğu dövrdür və bu imkanlardan düzgün istifadə immun sistemini gücləndirir:

“Azərbaycan olaraq yayda həm mövsümi, həm də yerli meyvə və tərəvəzlərin çox olması sağlamlıq üçün vacibdir. Xüsusilə, yayın əvvəllərində olan gilas, çiyələk, alça və vişnə qan azlığı olan insanlar üçün faydalıdır. Bu meyvələrdə olan antioksidantlar orqanizmin bioloji qocalmasının qarşısını alır, sərbəst radikallarla mübarizədə mühüm rol oynayır”.

Mütəxəssis həmçinin yay tərəvəzlərinin üstünlüklərindən də danışıb:

“Tərəvəzlərdən xiyar, pomidor, badımcan, bibər, xüsusilə də yaşıl bibər çox faydalıdır. Yaşıl bibərin tərkibində olan C vitamini orqanizmin gündəlik tələbatını ödəyir. C vitamininə qarşı allergiyası olanlar bu vitamini yaşıl bibərdən ala bilərlər”.

Məhsəti Hüseynova vurğulayıb ki, yayın əvvəllərində bazarda satılan qarpız və yemişdən istifadə risklidir:

“Azərbaycan üçün təbii yetişmə dövrü avqustun 20-dən sonradır. Ondan əvvəl satışa çıxarılan qarpız və yemiş süni üsullarla yetişdirilir, çoxlu gübrələrdən istifadə olunur. Bu isə xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olanlar üçün allergiya və zəhərlənmə riski yaradır”.

O, əlavə edib ki, xaricdən gətirilən meyvələrin də tərkibində uzun müddət xarab olmaması üçün kimyəvi maddələr olur ki, bu da orqanizmdə toplanaraq gələcəkdə qaraciyər və böyrək problemlərinə səbəb ola bilər.

Mütəxəssis gün ərzində 200 qrama qədər giləmeyvə qəbulunu, hər yemək zamanı isə tərəvəz istifadəsini tövsiyə edir.

“Yay mövsümündə meyvə və tərəvəz daha çox qəbul edilməli, paxlalı bitkilər, heyvan mənşəli qidalar, süd məhsulları və ət isə az miqdarda istifadə olunmalıdır. Çünki bu məhsullardan tamamilə imtina etmək zülal çatışmazlığına və qeyri-sağlam arıqlamaya səbəb olar ”, – deyə o, bildirib.

Məhsəti Hüseynova qeyd edib ki, 20-25 yaş arası insanlar gün ərzində 3 əsas yemək qəbul etdikdə, hər birində tərəvəzlərə üstünlük verməlidir. 25-30 yaşdan yuxarı şəxslər isə gündə 2 əsas yeməkdən sonra tərəvəz qəbul etməlidir.

Mütəxəssis meyvənin yeməklərdən 45-50 dəqiqə sonra, aralarda qəbul edilməsini daha doğru hesab edir və su miqdarına diqqət yetirilməsinin vacibliyini vurğulayır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*