Yazıçılar Birliyi bir evi dörd nəfər arasında bölüb? – Şair Kəramətin həyat yoldaşından SENSASİON İDDİAbackend

Yazıçılar Birliyi bir evi dörd nəfər arasında bölüb? - Şair Kəramətin həyat yoldaşından SENSASİON İDDİA

Bir müddət öncə yazıçılara ev verilməsi ümumən sevindirici hal olsa da, təəssüf ki, hamı tərəfindən razılıqla qarşılanmadı. Hətta Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvləri arasında bölgünün obyektiv aparılmadığını dilə gətirənlər də oldu. Siyahıda yer alan 21 nəfərdən əksəriyyətin evsiz və yazıçı olmadığı da deyildi, bu sırada katibə və sürücülərə sədrin məsləhəti ilə ev verilməsi narazılıqlara səbəb oldu.

Məsələ ilə bağlı KONKRET.az-a müraciətində yazıçı Könül Şükürova da narazı tərəf kimi çıxış edib.

Könül Şükürova, yazıçı

Haşiyə: Könül Bəhram qızı Şükürova 1959-cu ildə Göygöl rayonunun Toğanaq kəndində anadan olub. Bakıdakı 158 saylı orta məktəbdə 25 ilə yaxın dil-ədəbiyyat müəllimi işləyib. “Ömrümə qayıdan ömür” kitabının müəllifidir.

Qırx ildən çoxdur ev-eşiksiz yataqxana və kirayələrdə ömür sürdüyünü deyən yazıçı budəfəki bölgüyə çox ümidləndiyini, lakin siyahıdan kənarda qaldıqlarını bildirib: “Mən ailəmlə birlikdə uzun illər Binəqədidəki nəşriyyatın yataqxanasında yaşamışam. Övladlarım böyüyəndən sonra isə kirayəyə çıxmışıq. Ailədə üç nəfər Yazıçılar Birliyinin üzvüyük; həyat yoldaşım Kəramət Rza oğlu Şükürov (18 kitab müəllifidir – K.Ş), oğlum Elnur Kəramət oğlu Şükürov və mən. Budəfəki bölgüdən biz də ev gözləyirdik, amma Yazıçılar Birliyi vermədi”.

Yazıçı vaxtilə həyat yoldaşı Kəramət Şükürovun AYB tərəfindən aparılan ev bölgüsündə iştirakını da etiraf edib. Bildirib ki, 2000-ci illərin əvvəllərində sədr ona pay təklif edib: “O vaxt Anar müəllim deyib ki, Yazıçılar Birliyi bu məsələlərə heç cür müdaxilə edə bilməz. Evlər yazıçılara sadəcə bir pay kimi verilib. Və şərt qoyub ki, bir ev dörd yazıçı arasında bölünsün, istəyən pay sahibi olsun. Həmin vaxt yoldaşım da payçı olmağa razılıq verib. Dörd nəfərə ikiotaqlı təmirsiz ev təklif edilmişdi. Onlar da evi 100.000 (yüz min) manata satıb, hərəsi 25.000 (iyirmi beş min) götürdü. Onlardan biri də Orxan Fikrətoğlu idi. O pulu da yoldaşım sonradan mənim xəbərim olmadan içkiyə və dostlarına xərclədi”.

Hazırda Türkiyədə qızı ilə birlikdə yaşayan 64 yaşlı K.Şükürovanın istəyi odur ki, özü fərdi evlə təmin olunsun. Bunu isə yazıçı ailəsindəki pərakəndəliklə əlaqələndirir: “Mən həyat yoldaşıma güvənmirəm, çünki o, içki düşkünüdür, etibarsız adamdır. Yoldaşım tərəfindən daim təzyiqlərə məruz qalaraq sonda infarkt keçirmişəm. Sonra Türkiyə hökuməti məni pulsuz əməliyyat etdirdi, sağaldım. Və hazırda qızımın evində yaşayıram. Heç oğluma da güvənim yoxdur. O da Rusiyada yaşayır.

Açığı, hələ də yoldaşımla rəsmi nikahdayam. Və güman edirdim ki, budəfəki bölgüdə ona ev verilər və biz öz aramızda razılığa gələrik. Hətta öncədən bununla bağlı Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya da müraciət etmişdik. Oradan məktubumuzun üstü yazılaraq, Yazıçılar Birliyinə göndərildi. Birlikdən isə buna görə bizə irad bildirdilər, dedilər ki, sizə ev verəcəyik, niyə şikayət edirsiniz? Niyə adımızı hallandırırsınız? Bundan sonra ümid etdim ki, bizə də ev düşər. Amma deyilənlər olmadı. Ona görə də yoldaşımın son zamanlar mənə qarşı insanlıqdan kənar davranışlarını da nəzərə alıb, şəxsən öz adıma ev istəyirəm. Və bununla bağlı dövlət başçımıza, həmçinin, hörmətli Mehriban xanıma yenidən müraciət edəcəyəm”.

K.Şükürovanın səsləndirdiyi iddialara gəlincə, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyilənlərə belə aydınlıq gətirib: “Yazıçılara ev verilmir, sadəcə Anar müəllimin təşəbbüsü ilə torpaq sahəsi ayrılır. Həmin vaxt da torpaq sahəsi ayrılmışdı və orada hansısa şirkət tərəfindən bina tikilərək, bizə müəyyən faiz ev verilmişdi. Xanımın da etiraf etdiyi kimi, həyat yoldaşı artıq bir dəfə, yəni həmin vaxt payla təmin olunub.
İndi də posedur elədir. Torpaq ayrılıb, hansısa şirkətə verilib ki, orada ev tikib bizə müəyyən miqdar mənzil versin. Beləcə ev üçün müraciət edən 250 nəfərdən 21-nə mənzil ayrılıb”.

X.Rza əlavə olaraq yazıçı xanıma AYB rəhbərliyinə yenidən müracət ünvanlamağı tövsiyə edib. Bildirib ki, yalnız bu halda növbəti mərhələlərdə onun məsələsi digərlərinin vəziyyəti ilə müqayisədə nəzərə alına bilər.

Xatırladaq ki, ötən ay “Xətai” metrosu yaxınlığında tikilən 12 mərtəbəli binadan 21 mənzil AYB-yə ayrılıb. Rəhbərliyin qərarı ilə 21 nəfər də yeni mənzillə təmin edilib.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*