Aylardır “Yelo Bank” Mərkəzi Bankın açıqladığı hesabatda müştərilərin ən çox şikayət etdiyi bank statusunu qoruyub saxlayır. Kommersiya qurumu siyahıda daim ilk üçlükdə yer alaraq “qırmızı zonaya” düşür.
KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, aktivləri azalan, depozit portfeli kiçilən bankdan əsasən kredit götürən müştərilər şikayət edir.
Faktiki illik faiz dərəcəsi (FİFD) minimum 13,8%-dən, maksimum 34,7%-ə qədər kredit təklif edən bank az qala 1 milyard manata yaxin borc verib. Bunun 42 milyon 178 min manatı dollarladır. “Yelo Bank”ın açıqladığı son rüblük hesabata nəzər salsaq aydın olur ki, müştərilərə verilən kreditlərdən əldə olunan faiz gəlirləri 134,5 milyon manata çatıb. Bank təkcə kreditlər üzrə faiz gəlirlərindən deyil, girovların satışından da qazanır. Hətta kommersiya qurumu bəzən bağlanan kredit borcunu yeniləyərək, illər əvvəl ipotek edilən əmlaka da iddia edir.
Məsələn, “Yelo Bank” 2008-ci ildə manatla verdiyi krediti müştərisindən dollarla tələb edir. Borcalanın dediyinə görə, 33 540 manat kredit rəsmiləşdirilərkən o zaman hüquqi statusu “Nikoyl Bank” olan qurum öz təklifi ilə formal ipoteka rəsmiləşdirib. Müştəri faizlər də daxil olmaqla, banka ümumilikdə 58 355 manat qaytarıb. Və borcunu bağlayıb. Maraqlıdır ki, kredit müqaviləsi manatla olsa da, sonradan bank yeni cədvəl tərtib edərək müştəridən 40 min dollar tələb edib.
Borcalan iddia edir ki, bankın tərtib etdiyi ödəniş tapşırığı manatla idi. Pul ona milli valyutada təqdim olunmuşdu.
“Halbuki, ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə dəyişibsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib”.
Qeyd edək ki, “Yelo Bank” müştərinin evinin əlindən alınması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank “dirəniş” göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub.
Hətta hakim apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəldib”.
Yeri gəlmişkən, sabah saat 12:40-da Bakı Apellyasiya Məhkəməsində hakim Sabit Bəhramzadənin sədrliyi ilə müştərinin apellyasiya şikayətinə baxılacaq.
Apellyasiya məhkəməsi mərhələsində yenə “Yelo Bankın” vəsatəti əsasında iş Auditorlar Palatasına göndərilib.
Auditor Palatasının keçirdiyi ekspertiza və verdiyi auditor rəyi kreditin bank tərəfindən manatla verildiyini və artıqlaması ilə ödənildiyini təsdiqləyib.
Qeyd edək ki, daha əvvəl “Nikoil Bank” kimi fəaliyyət göstərən “Yelo Bank”ın adı bu günə qədər bir çox qalmaqallarda hallanıb. Bankın talan olunması hələ 2005-ci ildən başlayıb. “Nikoil” İKB-a sədrlik edən Vasiliy Xamaza adıçəkilən bankın 20 milyon manatını mənimsəməkdə ittiham olunub. 2017-ci ilin yarısına kimi banka sədrlik etmiş Xamaza Azərbaycanı tərk etsə də, 2018-ci ilin sentyabrında Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
2020-ci ilə qədər bankın idarə heyətinin sədri olan Nikoloz Şurqaianın rəhbərliyi dövründə isə nə təsdiqlənən yeni inkişaf strategiyası, nə də rebrending qurumu zərərdən xilas edə bilib. Əksinə, bankın yığılmış zərəri 320 milyon 241 min manata çatıb. 2019-cu ildə bu rəqəm 276 milyon 556 min manat idi. Müşahidə Şurası Şurqaianı yola salaraq, “AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənovu “Yelo Bank”a yeni rəhbər təyin edib. Bununla belə, 2021-ci ildə bankın yığılmış zərəri 311 milyon 777 min manat, 2022-ci ildə 306 milyon 155 min manat, 2023-cü ildə 292 milyon 138 min manat təşkil edib. Göründüyü kimi, bankın zərəri 2020-ci ilin əvvəlindəki səviyyədən hələ də yüksəkdir. Həmin ilin yanvarın 1-i tarixinə “Yelo Bank”ın zərəri 276 milyon 556 min manat idi.
Bankın ötən il üzrə maliyyə göstəriciləri ilə bağlı müstəqil auditorun rəyi hazır olmadığından, hələlik ancaq rüblük hesabatlar əsasında 2024-cü maliyyə ilinin necə keçdiyini söyləmək mümkündür. Beləliklə, ötən il bankın aktivləri 2024-cü ilin əvvəlindəki 1 milyard 566 milyon 452,89 min manatdan ilin sonuna 1 milyard 279 milyon 637,84 min manata düşüb.
“Yelo Bank”ın öhdəlikləri isə 1 milyard 467 milyon 384,41 min manatdan 1 milyard 135 milyon 645,42 min manata qədər azalıb.
Xüsusi azalma əmanətlərin həcmində qeydə alınıb. Bankdakı depozitlər 1 milyard 292 milyon manatdan 928 milyon 774,35 min manata düşüb. Bu portfeldə ən çox kiçilmə hüquqi şəxslərin əmanətlərində baş verib. Şirkətlər son bir ildə yarım milyard manatdan çox vəsaiti bankdan geri çəkiblər. Nəticədə, hüquqi şəxslərin bankdakı 720 milyon 595,32 min manat əmanəti 197 milyon 822,07 min manata qədər azalıb.
Bankın nağd pul vəsaitləri də əriyib. 2023-cü ilin sonundakı 687 milyon 293,65 min manatdan 229 milyon 962,93 min manata düşüb.
Hesabat dövründə “Yelo Bank” gəlirlərini əsasən müştərilərə verilən kreditlərdən əldə edib. Kredit portfeli 22% artımla 935 milyon manata çatıb. Verilən kreditlərdən 134,5 milyon manat faiz gəlir götürülüb.
Paralel olaraq, bankın müştərilərə verdiyi pulları geri qaytarmaqda da problemləri artıb. İl üzrə verilən kreditlərin 13 milyon 236,63 min manatının gecikdirilmə müddəti 1 ildən çoxdur. Ümumilikdə, vaxtı keçmiş kreditlərin həcmi 28 milyon 621,96 min manat təşkil edib. 2024-cü ilin əvvəlində bu rəqəm 24 milyon 531 min manat olub. Vaxtı keçmiş kreditlərin portfeldə payı isə 3%-ə yüksəlib.
Ekspertlər bildirir ki, vaxtı ilə “Nikoyl Bank” kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib. Amma əməlləri, müştərilərinə qarşı soyğunçu münasibəti dəyişməyib.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bank kredit müqaviləsini bir valyutada bağlamalıdır:
“Əgər iki müqavilə varsa, bu zaman məhkəmə milli valyutada olan müqaviləni rəhbər tutmalıdır. Çünki bu Mülki Məcəllədən irəli gələn bir prinsipdir. Əgər hər hansı bir ziddiyət və ya şübhə varsa, bu istehlakçının xeyrinə həll olunmalıdır”.