ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yeni COVID-19 variantı olan NB.1.8.1-in sürətlə yayılmağa başladığını açıqlayıb.
KONKERT.az milli.az-a istinadən xəbər verir ki, qurumun son proqnozuna görə bu variant yaxın günlərdə ABŞ-də qeydə alınan yoluxmaların 37 faizini təşkil edə bilər. Ştammın yüksək yoluxduruculuğa malik olduğu bildirilir, lakin ilkin məlumatlara əsasən, xəstəliyin ağır keçməsi halları çox deyil.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, NB.1.8.1 digər variantlara bənzər simptomlarla müşayiət olunur – boğaz ağrısı, öskürək, qızdırma və ümumi halsızlıq. Hava limanlarında aparılan analizlər və beynəlxalq reyslərdən gələn nümunələrdə bu variantın artdığı qeyd olunur.
Peyvəndlərin effektivliyinə dair araşdırmalar davam edir. Rəsmilər xüsusilə yaşlılar, xroniki xəstəliyi olanlar və zəif immunitetli şəxsləri diqqətli olmağa çağırırlar.
CDC əhaliyə maskadan istifadə, əllərin tez-tez yuyulması və xəstəlik əlamətləri olduqda test olunmaq kimi tədbirlərə əməl etməyi tövsiyə edir. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı da NB.1.8.1-i yaxından izlədiyini bildirib.