Yeni doğulmuş körpələrin müxtəlif studiyalarda fotosessiya etdirilməsi dəb halını alıb. Gənc analar sanki bu mövzuda yarışa girib. Hər kəs bir-birinin bəhsinə övladlarının tanınmış studiyalarda şəkillərini çəkdirir. Sosial mediada fotostudiyaların reklamlarında belə hallara tez-tez rast gəlirik. Yeri gəlmişkən, bu fotosessiyaların qiyməti heç də ucuz deyil. İki-üç gün əvvəl doğulmuş uşağın şəklini çəkməyin sağlamlığa hansı fəsadları var? Bu, nə dərəcədə düzgündür?
Həkim-pediatr Xəyalə Quliyeva KONKRET.az-a açıqlamasında deyib ki, yeni doğulmuş körpələrin fotostudiyada şəkillərinin çəkilməsi yolverilməzdir: “Belə fotosessiyalar son zamanlar dəb halını alıb. Lakin bir həkim olaraq bunun qəti əleyhinəyəm. Valideynlər dəbə uyğun olsun deyə öz övladlarının sağlamlığını riskə atır. Təzəcə doğulmuş körpənin şəkilləri çəkilən zaman fotoapartın fləşi uşağın gözünə mənfi təsir edir. Bu hal hətta körpənin kor olmasına gətirib çıxara bilər. Çünki onların göz qişası tam inkişaf etməyib. İşıq effektlərindən istifadə göz qişalarına ağır fəsadlar törədə bilər. Ona görə də ilk üç ay ərzində uşaqlara fotosessiya tövsiyə edilmir”.
“Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralı belə hallara son dövrlərdə çox rast gəlindiyini təəssüflə vurğulayıb: “Valideynlər və fotoqraflar istədikləri pozanı almaq üçün bir həftəlik uşaqları müxtəlif formaya salıb onun şəkillərini çəkir. Çünki bu mərhələdə uşaq əl-qol hərəkətləri etmir və ona nəzarət asandır. Bəzi hallarda uşağı çılpaq şəkildə gigiyenik olmayan materialın üzərinə qoyurlar. Həmin materiallara isə çoxsaylı insan əli dəyir və nə dərəcədə təmiz olub-olmaması mübahisəlidir. Üstəlik fotosessiya zamanı uşaqlar avadanlıqların üzərinə öz təbii ehtiyacını edir. Xəstə doğulan, bağırsaq infeksiyası olan uşaqlar digər körpə üçün risk daşıyır”.
L.Mehralının fikrincə, valideyn özü bunun nə dərəcədə təhlükəli olduğunu düşünməlidir: “Əvvəllər analarımız 40 gün ərzində körpəni təcrid edirdi. Bu, boşuna deyil. 40 günə qədər uşağın immuniteti formalaşmır. Yad mühit və insanlar yeni doğulan uşaq üçün potensial təhlükədir. Bunu elm də sübut edir. İlk aylarda körpə minimum insanla kontaktda olmalıdır. Belə fotosessiyalar zamanı uşağın nələrə məruz qaldığı isə şəkillərdən bəllidir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az