Vergi Məcəlləsinə dəyişikliklər ölkədə ətin qiymətinə təsir etmək baxımından əhəmiyyət kəsb edir
Ölkə prezidentinin fərmanı ilə təsdiqlənən Vergi Məcəlləsinə dəyişikliklərdən ikisi ölkədə ətin qiymətinə təsir etmək baxımından əhəmiyyət kəsb edir. Belə ki, dəyişikliyə əsasən yanvardan etibarən Azərbaycanda heyvan ətinin satış dövriyyəsi 4 il müddətində Əlavə Dəyər Vergisindən azad olunur. Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.
Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Məcəlləyə edilən dəyişikliklə bu müddət daha 4 illiyə artırılır.
Daha bir dəyişikliyə görə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə olunan yem və yem əlavələrinin satış dövriyyəsi ƏDV-dən azad edilir. Azadolma dövrü 4 illik müddəti əhatə edəcək.
Vergilər Məcəlləsinə edilən dəyişiklikləri dəyərləndirən Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin baş direktoru Firdovsi Fikrətzadənin sözlərinə görə, dəyişikliklərin mahiyyətində intensiv heyvandarlığın inkişafına dəstək məqsədi dayanır: “Hazırda Azərbaycanda sənaye üsulu ilə yem istehsalının genişləndirilməsi çox aktualdır, bunun dəstəklənməsinin böyük əhəmiyyəti var. Ona görə ki, bu gün Azərbaycanda intensiv ferma modeli, quşçuluqda sənaye üsulu ilə istehsal genişləndirilir. Bu sektorların rəqabət qabiliyyətli olmalarında sənaye üsulu ilə istehsal olunan yemin böyük rolu var. Biz ölkə olaraq təbii yem ehtiyatları məhdud olan ölkələr qrupuna aidik. Hesablamalarımıza görə, hazırda təbii yem mənbələrinin ümumi heyvandarlığın yemlə təminatında payı cəmi 5,2 faizdir. Sənaye yemlərinin payı isə 2,2 faizə çatır. Heyvandarlıqda yemlə təchizatda əsas ağırlıq taxıl və taxıl məhsullarının, həmçinin ot yeminin üzərindədir. Biz rəqabətqabiliyyətli heyvandarlığı inkişaf etdirmək üçün bundan sonra intensiv ferma modelini və sənaye üsulu ilə quşçuluq istehsalını genişləndirməliyik. Bunun üçünsə dövlətin sənaye üsulu ilə yem istehsalını dəstəkləməsinə ehtiyac var. Yəni biz təbii səbəblərdən örüşlərin sahəsini artıra bilməsək də, sənaye üsulu ilə yem istehsalını artıra bilərik, bunun üçün potensialımız yetərincədir”.

ATM-in apardığı qiymətləndirmələrə görə, ölkədə sənaye üsulu ilə yem istehsalı potensialı 900 min tondur: “Hazırda bizdə 700 min tona yaxın belə yem istehsal olunur. Bunun təxminən 400 min tonu quşçuluq sektorunun tələbatını ödəməyə yönəldilir. Təxminən 300 min tonu isə heyvandarlıq təsərrüfatlarına yönəldilir. Ümumi istehsal olunan yemin 300 min tonu bazarda reallaşır, 400 min tonunu təsərrüfatlar öz ehtiyaclarının qarşılanmasına sərf edirlər. Hesablamalar göstərir ki, intensiv fermalar və sənaye üsulu ilə quş istehsalında ətin maya dəyərinin 65 faizini sənaye yemi təşkil edir. İntensiv fermalarda və sənaye üsulu ilə quş istehsalı müəssisələrində əldə olunan süd və yumurtanın maya dəyərinin 70 faizi belə yemin payına düşür. Bizim sahibkarların məlumatları əsasında apardığımız hesablamalar göstərir ki, satışın ƏDV-dən azad olunması istehsal xərclərində, son satış qiymətində 11-12 faiz bahalaşmanın qarşısını alacaq. Yəni bu addım qiymətlərdə sabitliyi təmin edəcək. Bir daha qeyd edim ki, bu addımların əsas əhəmiyyəti sənaye üsulu ilə yem istehsalının dəstəklənməsidir”.
Sənaye üsulu ilə istehsal olunan yemlərin əsasında soyadan hazırlanan məhsullar dayanır: “Azərbaycanda bir neçə yüz min hektarda soya istehsalının qurulması daxili tələbatı yemlə təmin etməyə imkan verəcək”.
Ət satışının ƏDV-dən azad olunması daha çox leqal satış şəbəkələrinə dəstək xarakteri daşıyır: “Bilirsiniz ki, hazırda leqal pərakəndə satış şəbəkələrində ət satışı ƏDV-yə cəlb olunur, qeyri-leqal satış nöqtələrində isə olunmur. Bu isə leqal satış mərkəzlərinin xərclərini artırır, onları qeyri-bərabər rəqabətə məruz qoyur. Buna görə də ət satışının ƏDV-dən azad olunması fəaliyyətini leqal quran, vergidən yayınmayan ticarətçilər üçün bərabər mühitin yaradılmasına xidmət edir. Bu addım həm də leqal ticarət şəbəkəsində qiymətlərin stabilliyini təmin edəcək”.
Qeyd edək ki, son illərdə Azərbaycanda mal və qoyun ətinin qiymətində kəskin artım baş verib. Qiymətlərin bahalaşması ilə ət və damazlıq olmayan, yəni bilavasitə kəsim üçün diri heyvanın, eləcə də ətin idxalının artımı bir-birini müşayiət edən proseslərə çevrilib. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə Azərbaycana 83 min 954 baş damazlıq üçün nəzərdə tutulmayan digər diri iribuynuzlu heyvanlar (25 milyon 250.92 min dollar dəyərində), 131 min 867 baş diri qoyunlar (7 milyon 834.6 min dollar dəyərində) gətirilib. 2018-ci ildə birincinin idxalı 114 min 183 baş (31 milyon 403,53 min dollarlıq), ikincinin idxalı isə 108 min 595 baş (7 milyon 134,01 min dollarlıq) olub.
Bu il isə ölkəyə mal-qoyun idxalı kəskin artıb. Yanvar-sentyabrda digər diri iribuynuzlu heyvanların idxalı 63 min 895 baş, qoyunların idxalı isə 118 min 667 baş təşkil edib. Diri qoyun idxalının 18 min 733 başı yalnız bir ayda – sentyabrda reallaşıb.
Maraqlıdır ki, bu ildən etibarən Azərbaycan Qazaxıstandan da qoyun idxalını genişləndirib. Belə ki, bu ilin yanvar-sentyabrında ölkəyə idxal olunan 118 min 667 baş diri qoyunun 45 min 939-u Rusiyadan, 56 min 983-ü Gürcüstandan, 14 min 885-i isə Qazaxıstandan alınıb. Doqquz ayda xaricdən alınan diri iribuynuzlu heyvanın 30 min 498 başı Gürcüstandan, 26 min 582 başı Ukraynadan, 6 min 14 başı isə Rusiyadan gətirilib.
Çox maraqlıdır ki, rəsmi statistikaya görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında diri çəkidə ət istehsalı 2,8 faiz artaraq 476,6 min ton təşkil edib. Bu istehsalın hansı həcminin diri idxal olunan heyvanların hesabına əldə olunduğu açıqlanmasa da, mal-qaranın baş sayındakı azalma, idxaldakı sürətli artım getdikcə ət istehsalında idxal payının artdığını göstərir. Ölkənin ərzaq balansında qismən də olsa idxaldan asılılığın artdığı etiraf edilir. Belə ki, Dövlət Statistika Komitəsinin açıqladığı ərzaq balanslarından aydın olur ki, 2018-ci ildə mal əti ehtiyatlarının həcmi 164 min 328 ton təşkil edib ki, bunun da 135 min 620 tonu ölkədə istehsal olunub, 23 833 tonu isə idxal edilib. Ötən il ölkə üzrə ərzaq məhsullarının istehsalında cəmi 17 min 301 ton mal ətindən istifadə olunub. Həmçinin 2018-ci ildə qoyun və keçi əti ehtiyatlarının ümumi həcmi 84 min 698 ton təşkil edib ki, bunun da 80,8 min tonu ölkədə istehsal edilib, 1700 tonu isə idxal olunub. Qoyun və keçi ətinin 81 min 454 tonu ərzaq məhsulu kimi istehlak olunub.
Ölkədə daxili istehsalın tələbatı təmin etmə səviyyəsi ildən-ilə azalır. Belə ki, bütün növ ət mal-qara və quş əti ilə özünütəminat səviyyəsi 2016-cı ildə 87,9 faiz olubsa, 2018-ci ildə bu, 82,7 faizə düşüb – 5 faizdən yuxarı bir geriləmə var. Bu zaman mal əti və ət məhsulları üzrə özünütəminat 93,5 faizdən 85,1 faizə, quş əti və ət məhsulları ilə təminat isə 79,1 faizdən 75,9 faizə qədər azalıb. Yeri gəlmişkən, hökumət yerli istehsalçıları dəstəkləmək 2016-cı ildən etibarən quş əti və yumurtanın idxalına əlavə rüsumlar təyin edib. Belə ki, Azərbaycana idxal olunan 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar əlavə rüsum müəyyənləşib. Buna rəğmən, ölkəyə quş ətinin və diri quşların idxalında da artım, quş əti ilə özünütəminat səviyyəsində isə sürətli azalma müşahidə olunmaqdadır.
Qeyd olunanlar göstərir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər ətin qiymətində ucuzlaşmaya səbəb olmayacaq. Lakin qiymətlərin bahalaşmasının qarşısını almaq baxımından dəyişiklikləri müsbət qiymətləndirmək olar.
DÜNYA