Dünya 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, Hindistanda ortaya çıxan yeni virus böyük panika yaradıb.
KONKRET.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, 11 kənddə aşkarlanan və ani saç tökülməsinə səbəb olan epidemiya səbəbindən 155 nəfərin birdən-birə keçəlləşdiyi bir vaxtda səlahiyyətlilər vəziyyəti nəzarət altına almaq üçün işlərə başlayıb.
Hindistanın Maharaştra ştatının Buldhana dairəsindəki Şeqaon taluka əyalətinin 11 kəndində baş verən hadisə insanları heyrətləndirib. 155 nəfər birdən-birə keçəl olub.
“Zilla Parishad”ın baş direktoru Qulabrao Haratın rəhbərlik etdiyi qrup sözügedən kəndləri ziyarət edib. Bəyanatda vəziyyətin nəzarət altına alınması üçün səy göstərildiyi vurğulanır.
Hindistan mətbuatında çıxan xəbərlərə görə, Akola və Buldhana tibb fakültələrindən mütəxəssis həkimləri infeksiyanın mənbəyi, ötürülmə yolları və qarşısının alınması üsulları ilə bağlı araşdırmalar aparmağa başlayıb. Son açıqlamaya görə, 11 kənddə ümumilikdə 65 nəfərdən qan nümunələri götürülüb.
“Tibbi tədqiqat və maarifləndirmə işləri davam edir və lazım gələrsə, dövlət səviyyəli ekspert qrupunun iştirakı ilə daha kompleks tədbirlər həyata keçiriləcək”, – regional informasiya idarəsinin məlumatında bildirilir. Adıçəkilən kəndlərdəki marketlərdən sabun, saç yağı və şampun nümunələri, yeraltı su sistemindən isə analiz üçün götürülüb.
Bondgaon kənd muxtarı Rameshvaram Dharkarın məsələ ilə bağlı verdiyi açıqlama belədir: “Böhranı aradan qaldırmaq üçün administrasiya sağlamlıq düşərgələri yaradıb, zərər çəkmiş ərazilərdə təmizlik kampaniyasına başlayıb və profilaktik tədbirlərlə bağlı maarifləndirmə proqramları təşkil edib”.
Regional səhiyyə işçisi Amol Gite deyib: “Cümə günü 15 yeni hadisə aşkarladıq. Biz bütün xəstələrə göbələk əleyhinə dərmanlar və vitaminlər veririk. Yaxın 4-5 gün ərzində biopsiya nəticələrini alacağımızı gözləyirik”.
Səlahiyyətlilər epidemiyanı nəzarət altına almaq üçün kollektiv fəaliyyətin vacibliyini vurğulayıblar./lent.az