Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyəyə ehtiyacı olan ailə olduğuna görə Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi.
KONKRET.az bildirir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DSMF-nin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Rəşad Mehdili Yevlaxda I qrup əlil Bayramova Səbinə Məhəbbət qızının evdə 3 gün tək qalaraq aclıqdan ölməsi barədə məlumatlara münasibət bildirərkən deyib.
O vurğulayıb ki, S.Bayramovaya 1-ci qrup əlilliyə görə hər ay 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi:
“Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd verilirdi. Bununla yanaşı Məhəbbət Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi”.
Qeyd edək ki, iyulun 31-də Yevlax rayonunun Aran qəsəbəsində 1977-ci il təvəllüdlü Məhəbbət Bayramov və onun 2002-ci ildə anadan olmuş qızı Səbinə Bayramovanın meyitləri tapılıb. Məlumata görə, M.Bayramov üç gün öncə ölüb. Onun I qrup əlil qızı isə evdə tək və köməksiz vəziyyətdə qalaraq aclıqdan dünyasını dəyişib.