Azərbaycan son illər beynəlxalq tədbirlərin mühüm təşkilatçısına çevrilib. Bu tədbirlər, Azərbaycanın inkişafını və strateji əhəmiyyətinin dünyada nümayişidir. Lakin ölkənin qlobal nüfuzu artdıqca, Azərbaycana qarşı onun uğurlarını və imicini zəiflətməyə çalışan koordinasiya edilmiş qüvvələrin də fəaliyyəti genişlənməkdədir. Odlar yurdu Azərbaycan beynəlxalq siyasətdə getdikcə güclənən siyasi nüfuzu, ölkəmizə qarşı etimadın artmasına da səbəb olmuşdu.
Azərbaycanın ev sahibliyi etdiyi ən mühüm beynəlxalq tədbirlərdən biri 2015-ci ildə keçirilən ilk Avropa Oyunları olmuşdur. Bu çoxnövçülük tədbiri Avropanın müxtəlif ölkələrindən minlərlə idmançını bir araya gətirdi. Tədbir, Azərbaycanın beynəlxalq idman yarışlarını təşkil etmək və müasir infrastrukturda böyük sərmayələr etmək qabiliyyətini nümayiş etdirdi. Avropa Oyunlarının təşkili böyük diqqətla qarşılandı. Tədbir yalnız idmanı təşviq etməklə qalmayıb, eyni zamanda Azərbaycanın zəngin mədəni irsini də nümayiş etdirdi.
Bundan başqa, “Formula 1” Qran Prisinin təşkili də Azərbaycanın beynəlxalq idman arenasındakı nüfuzundan xəbər verir. Həmçinin, nüfuzuna görə qitənin 2 nömrəli klub turniri olan Avropa Liqasına da ev sahibliyi edən Bakı, turistləri ölkəmizə cəlb etməyi bacardı.
2022-ci ildə isə dünyanın ən iti zəka sahibləri Bakıya toplaşdılar. Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi Azərbaycanın müxtəlif sahələrdə dünya səviyyəli yarışlar təşkil etmə bacarığını nümayiş etdirdi.
Siyahını daha da artırmaq olar. Ancaq Azərbaycanın bir neçə gün əvvəl ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) nüfuzuna görə ən böyük tədbir idi. Sammitin nəticələri və başqa məqamlar haqda əvvəlki yazılarımızda bəhs etmişik. Burada əsas diqqətə çatdırmaq istədiyimiz məqam ondan ibarətdir ki, ölkəmizə qarşı qarayaxma kampaniyası aparan qüvvələr nə qədər çalışsalar da, istəklərinə nail ola bilmirlər.
Təbii ki, bütün bunların arxasında qısqanclıq dayanır. Ölkəmizin artan nüfuzu, Qarabağ zəfərini qəbul edə bilməyənlər belə məqamlara əl atırlar. Lakin onların bütün arzuları puç olur. Bu yaxınlarda qarayaxma kampaniyası aparanların kefinə daha bir dəfə soğan doğrandı. Belə ki, 2025-ci ilin iyun ayında “Davamlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfrans Azərbaycanda keçiriləcək.
Təbii ki, ölkəmiz yenə də tədbirə uğurla ev sahibliyi edəcək və üzərində düşən öhdəliyi layiqinca yerinə yetirəcək.
Natiq Səlim,
KONKRET.az