Medianın İnkişafı Agentliyində (MEDİA) yeni təyinat olub.
MEDİA-nın Müşahidə Şurasının ilk iclasında Əməkdar jurnalist Natiq Məmmədli Ağentliyin icraçı direktorunun təqdimatı əsasında Müşahidə Şurasının səsverməsiylə icraçı direktorun müavini təyin edilib.
KONKRET.az xəbər verir ki, Natiq Məmmədli 1977-ci il mayın 5-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub.
1998-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix fakültəsinin əyani aspiranturasında təhsil alıb. Tarix elmləri üzrə fəlsəfə doktorudur.
Əmək fəaliyyətinə 1995-ci ildən “Yeni Azərbaycan” qəzetində müxbir kimi başlayıb. Sonrakı illərdə isə həmin mətbu orqanda şöbə redaktoru, baş redaktorun müavini kimi fəaliyyət göstərib. 2005-2006-cı illərdə “Gün-səhər” qəzetində baş redaktorun müavini vəzifəsində işləyib.
2006-2010-cu illərdə “Azadlıq” radiosunun Bakı ofisində veb-qrupun rəhbəri vəzifəsində çalışıb. 2010-2015-ci illərdə “Kaspi” qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.
2015-2021-ci illərdə “Sputnik Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyində milli versiyanın baş redaktoru vəzifələrində çalışıb.
2021-ci ildən Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
1996-сı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2010-cu ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk bədii kitabı “Ləyaqət düsturu” hekayələr toplusu 2012-ci ildə nəşr olunub. Daha sonra “Bekketə salam”, “Qəhərmanım sənsən” adlı hekayə topluları işıq üzü görüb.
“Körpüdə ümid” romanı 2014-cü ildə, “Sev” romanı isə 2021-ci ildə çap olunub.
Türk xalqlarının tarixinə dair bir sıra monoqrafiya və elmi əsərləri var. Milli mətbuat və ictimai-siyasi fikir tarixi, həmçinin Azərbaycan ədəbi dilinin publisistik üslubu, bədii publisistikanın janrları, media etikası ilə bağlı araşdırmaların, oçerklərin müəllifidir.
Fatimə Lətif,
KONKRET.az