Zəfər Kuboku: Final matçından öncə yoldaşlıq oyunu keçirildibackend

Zəfər Kuboku: Final matçından öncə yoldaşlıq oyunu keçirildi

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər Kubokunun final oyunundan öncə Milli Məclisin deputatları ilə I Qarabağ və 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət “Suqovuşan” komandası arasında yoldaşlıq matçı keçirilib.

KONKRET.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunun tribunalı qapalı meydançasında baş tutan görüşdən öncə komandalar Azərbaycan bayrağının müşayiəti ilə mərkəzə dəvət olunublar. Ardınca dövlət himni səsləndirilib.

Bundan sonra qarşılaşmanı fəxri qonaq qismində izləyən Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Turnirin təşkilatçılarına təşəkkürünü bildirən M.Məmmədov bu cür turnirlərin faydasından söz açıb.

Milli Məclisin deputatı Tahir Mirkişili öz komandası adından təşkilatçılara təşəkkür edib. Azərbaycan xalqının mübariz olduğunu bildirən deputat 2020-ci ildə bu statusun dəyişdiyini və özümüzü dünyaya zəfər xalqı kimi tanıtdığımızı vurğulayıb. O, Azərbaycan üçün yeni səhifə açan şəhidlərə Allahdan rəhmət diləyib. T.Mirkişili zəfər xalqı statusunu hər bir sahədə, eləcə də futbolda təzahür etdirməli olduğumuzu xüsusi qeyd edib. O deyib ki, bu turnir də həmin təşəbbüsün bir parçasıdır.

İAM-ın sədri Elşən Məmmədov isə hər iki komandanın üzvlərinə minnətdarlığını bildirərək, deputatların turnirə böyük dəstək olduqlarını, onların bəzilərinin fəxri qonaq qismində oyunlarda iştirak etdiklərini söyləyib. O, sonda iştirakçı komandalara uğurlar diləyib.

Daha sonra mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun oğlu Mətin Şükürova ETOPAZ-ın rəhbəri Altay Əliyevin adından pul mükafatı təqdim olunub.

Ardınca isə Milli Məclisin sədri Sahibə Qafarovanın adından turnirin təşkilatçısı E.Məmmədova xüsusi plaket verilib. İAM sədri isə öz növbəsində qarşı tərəfə xatirə hədiyyəsi təqdim edib.

Oyuna gəlincə, deputatlar komandasının heyətində Məzahir Əfəndiyev, Mahir Abbaszadə, Tahir Mirkişili, Vüqar Bayramov, Nurlan Həsənov, Fazil Mustafa, Ramin Məmmədov, Cavid Osmanov və Ceyhun Məmmədov yer alıb. Məşqçi funksiyasını isə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev yerinə yetirib.

“Suqovuşan” komandasının heyəti isə Mahir Süleymanov, Daşqın Əziz, Mahal Məmmədov, Nurşən Quliyev, Rasim Mədəd, Xalid Ağalıyev, Vüsal Hacı və İlkin Əhmədovdan ibarət olub. Komandanı məşqçi kimi meydana Rəşad Baxşəliyev çıxarıb.

Qarşılaşma veteranlardan ibarət komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Milli Məclisin deputatları Zəfər Kubokunun oyunları zamanı fəxri qonaq qismində iştirak ediblər. Onlar belə bir turnirin təşkilinə böyük önəm verərək, jurnalistlərlə yoldaşlıq görüşü keçirməyə hazır olduqlarını bildiriblər. Qazi jurnalistlərlə deputatlar arasındakı görüş məhz bu təşəbbüsün nəticəsi, müharibə veteranlarına və Zəfər Kubokuna verilən dəyərin təzahürüdür./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*