Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə aparılan danışıqlarda müəyyən razılaşmalar əldə olunsa da, Moskvanın dəyişdirilməsi nəzərdə tutulan hərbi əsirlərin siyahısını hələ də təqdim etmədiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Zelenski bu barədə iyunun 9-da etdiyi çıxış zamanı danışıb. Onun sözlərinə görə, İstanbulda Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşlərdə bir sıra müsbət irəliləyişlər əldə edilsə də, Rusiya tərəfi konkret addımlar atmaqdan yayınır.
“Biz İstanbul danışıqlarında razılaşdığımız kimi, məhbus siyahılarını qarşılıqlı təqdim etməli idik. Lakin bu günə qədər Rusiyadan siyahı təqdim olunmayıb”, – deyə Ukrayna lideri bildirib.
Prezident Zelenski tərəflər arasında etimadın bərpası və əsirlərin dəyişdirilməsi prosesinin şəffaf aparılması üçün belə halların yolverilməz olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyəti də Rusiya üzərində təzyiqləri artırmağa çağırıb.
Qeyd edək ki, İstanbulda keçirilən son danışıqlarda əsir mübadiləsi məsələsində müəyyən razılıqlar əldə olunsa da, onların icrası prosesində gecikmələr müşahidə olunur. Ukrayna və Rusiya arasında davam edən müharibə şəraitində əsirlərin hüquqlarının qorunması və dəyişdirilmə prosesi beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirilməlidir.
Aynurə İsmayıl
KONKRET.az