Zelenskiyə Krım əvəzinə Türkiyəyə hücum etməyi məsləhət görən qazax deputat istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstanın hakim partiyası “Amanat” deputat Anna Başinskayanın Zelenskiyə Krım əvəzinə Türkiyəyə hücum etməyi tövsiyə etdiyi şərhini pisləyib.
Bundan sonra o, mandatdan imtina edərək istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, Almatı məclisinin Amanat partiyasından olan deputatı Anna Başinskaya Ukrayna Prezidenti Volodimir Zelenskiyə Krım əvəzinə Türkiyəyə hücum etməyi tövsiyə edib.
“Türkiyəyə hücum edin, ora daha yaxşıdır, cənab Zelenski! Orada il boyu isti olur”, – Başinskaya Deutsche Welle-nin Facebook səhifəsində yazının altındakı şərhlərdə yazıb.
Məqalədə deyilirdi ki, Zelenski ilhaq edilmiş Krımın Ukraynanın nəzarətinə qaytarılmasını nəzərdə tutan əks-hücum planlaşdırır.
Prezident Yle-yə müsahibəsində qeyd edib ki, Ukraynanın uğuru əsasən Qərbin Kiyevə silah tədarükünü davam etdirib-etdirməməsindən asılıdır. O, həmçinin əlavə edib ki, uğur ümidinə baxmayaraq, müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.
Şərhlərdə istifadəçilər Başinskayanın Qazaxıstan vətəndaşı olduğu üçün başqa ölkənin prezidentinə tövsiyələr verməsindən çaşqınlıq ifadə ediblər.
Xuraman Etibarlı,
KONKRET.az