“Zəngəzur dəhlizi reallaşmasa, Ermənistan dalan dövləti kimi qalacaq” – İLGİNC MƏQAMLARbackend

"Zəngəzur dəhlizi reallaşmasa, Ermənistan dalan dövləti kimi qalacaq" - İLGİNC MƏQAMLAR

“Qərb Zəngəzur dəhlizini daha çox Rusiyanın bölgədə geopolitik maraqlarının möhkəmləndirilməsi kimi qiymətləndirir. Çünki üçtərəfli bəyanatın 9-cu bəndinə görə, Zəngəzur dəhlizi Rusiya tərəfinin nəzarətində olmalıdır”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

“Qərb düşünür ki, Rusiya bununla bölgədə imkanlarını genişləndirəcək. Digər tərəfdən, Qərblə Rusiya arasında geopolitik nəzarət, xüsusilə strateji kommunikasiya xətlərinə nəzarət uğrunda mübarizə genişlənir. Rusiya kommunikasiya xətlərindən Yaxın Şərqə çıxmaq üçün istifadə edir. Zəngəzur dəhlizi vasitəsilə İran, oradan İraq, Suriya, Livan xətti var. Qərb isə eyni zamanda bu xətti nəzarətə götürməklə birbaşa Şərq – Qərb istiqamətindəki yolu kəsmək istəyir. Rusiya orta dəhlizə, Çindən Avropaya gedən bütün yollara nəzarəti ələ keçirmək niyyətindədir. Qərb isə əksinə, Rusiyanın Şimal – Cənub dəhlizi ilə irəliləməsinin qarşısını almağa çalışır. Bununla, özünə Şərq – Qərb istiqamətində bir neçə marşrut xətti qurur. Bunlardan biri orta dəhlizdir. Bu proyekt Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti ucbatından reallaşdırıla bilmir. Şimal dəhlizi Rusiyadan, Cənub dəhlizi okeanlardan keçir. Yeni bir dəhliz Hindistandan əlavə olundu. Bu, Hindistandan, Ərəbistandan keçməklə Türkiyə və Rusiyanı kənarda qoyub Avropaya gedən bir dəhlizdir. Hazırda bu dəhlizlər uğrunda geopolitik qlobal mübarizə gedir”.

Daha sonra Rəcəb Tayyib Ərdoğanın açıqlamasına toxunan politoloq qeyd edib ki, Türkiyə Prezidenti dəhlizin istiqamətini dəyişməyə çalışmır: “Ərdoğan istənilən halda Zəngəzur dəhlizinin və Azərbaycanla birbaşa əlaqənin mövcud olmasını istəyir. Bu dəhliz təkcə Azərbaycanla deyil, eyni zamanda, Türkiyə ilə Orta Asiya, Uzaq Şərq arasında və Azərbaycanın Avropa ilə əlaqəsində əhəmiyyətli rol oynayacaq. Burada çox böyük xərclər çəkilir. Azərbaycan artıq Ağbəndə qədər avtomobil və dəmiryolu çəkir. Digər tərəfdən, Türkiyə Naxçıvanla olan ərazidə avtomobil və dəmiryolunun genişlənməsini həyata keçirir. Sonda Ermənistanın pozuculuğu ucbatından aradakı 40 km-lik dəhliz alınmasa, bu vəsaitlər də itkiyə gedəcək. Məhz ona görə Ərdoğan Ermənistana mesaj verdi ki, əgər siz razı olmasanız, biz yolu İran ərazisindən çəkib istənilən halda reallaşdracağıq. Daha əvvəl Azərbaycan da belə bir şey təklif etmişdi.Yaxşı olar ki, Ermənistan bununla razılaşa və həm geopolitik nəqliyyat dəhlizlərindən kənarda qalmaya, həm də bundan müəyyən iqtisadi faydalar götürə bilə. Əks halda, Ermənistan yenə də dalan dövlət olaraq qalacaq”.

Vəli Həsənov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*