Zəngəzur dəhlizinin gələcək hüquqi və əməli çərçivəsi ilə bağlı müzakirələr davam edir. Maraqlıdır, Azərbaycan tərəfi Zəngəzur dəhlizi üçün “Kalininqrad modeli”nin tətbiqinə hazırdırmı? Bakı üçün qırmızı xətt nədir?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Bakı üçün bu məsələdə aydın “qırmızı xəttlər” mövcuddur.

Ekspertin sözlərinə görə, Azərbaycanın əsas tələbi ölkənin suveren hüquqları və təhlükəsizlik təminatlarının tam qorunmasıdır. O, vurğulayıb ki, nəqliyyat-kommunikasiya xətlərinin açılması prosesində Bakı malların Naxçıvana daşınması mərhələsinə qədər sərhəd-gömrük nəzarətinin tətbiqini zəruri hesab edir.
Ə.Əlibəyli qeyd edib ki, əgər daşınma üçüncü ölkələrə yönələcəksə, bu halda nəzarət Ermənistan və digər müvafiq dövlətlərə aid edilə bilər. Onun sözlərinə görə, müzakirə edilən “Kalininqrad modeli” Ermənistanın iddia etdiyi kimi onun suverenliyini pozmur və keçid mexanizmi hüquqi baxımdan fərqli şəkildə tənzimlənə bilər.
Siyasi şərhçi hesab edir ki, prosesin bütün mərhələlərində şəffaflıq və ədalət əsas amil olmalıdır:
“Azərbaycan üçün qırmızı xətt odur ki, keçiddə suveren hüquqların, gömrük və sərhəd nəzarətinin, eləcə də təhlükəsizlik təminatlarının zəifləməsinə yol verilməsin. Yolda nəzarətin, malların hərəkətinin və kommunikasiya prosesinin aydın və ədalətli şəkildə tənzimlənməsi mümkün olmalıdır.”
Ekspertin fikrincə, məhz bu şərtlər daxilində Bakı Zəngəzur dəhlizinin açılması ilə bağlı istənilən modelin müzakirəsinə hazırdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
