2023-cü ildə Avropa İttifaqına göndərilən zeytun yağlarının keyfiyyəti aşağı düşüb. Avropa İttifaqı qaydalarına əməl edilməməsi ilə bağlı 182 bildirişdən 54-ü İtaliyadan, 41-i İspaniyadan, 39-u isə Yunanıstan gəlib.
Bildirişlərdə zeytun yağlarının müxtəlif qadağan olunmuş maddələrlə, o cümlədən pestisidlər, mineral yağlar və şüşə qırıqları ilə çirklənməsi halları təfərrüatlı şəkildə göstərilib. Bundan əlavə, çoxlu sayda hallar sənədləşdirilib, o cümlədən zeytun yağlarının aşağı keyfiyyətli yağlarla saxtalaşdırılması müəyyən edilib
Bəs Azərbaycanda satışa çıxarılan zeytun yağları keyfiyyəti necədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida mütəxəssisi Ağa Salamovun sözlərinə görə, zeytun yağının keyfiyyət mexanizmini laboratoriya şəraitində tədqiq etdikdən sonra müəyyən etmək olar:
“Bu barədə danışmaq çətin olar. İlk olaraq laboratoriya şəraitində zeytun yağının keyfiyyəti yoxlanılmalıdır. Biz idxal olunan məhsulların yararlılığından tam əmin olmalıyıq ki, onun keyfiyyəti barədə danışaq. Biz isə bunu bilmirik”.
İqtisadçı Xalid Kərimli isə bildirir ki, 3-5 ilə qədər Azərbaycan zeytuna olan tələbatdan dəfələrlə çox zeytun yığımı edəcək:
“Azərbaycanda zeytuna olan bazar tələbatını ödəyəcək qədər zeytun istehsalı var. Çox sayda zeytun bağları salınıb. 3-5 ilə Azərbaycanın tələbatından dəfələrlə artıq zeytun yığımı olacaq. Həmçinin ölkədə zeytun yağı hazırlayan kifayət qədər istehsalçılar və zavodlar var. Məhsuldarlıq artdıqca yığılan zeytunun 30-40%-i daxili bazara yönələcək, digər hissəsi isə xaricə eksport ediləcək”.
Onun sözlərinə görə, ölkədəki zeytun markaları kifayət qədər keyfiyyətli zeytun yağı istehsal edir.
İqtisadçının fikrincə, Azərbaycanda hazırda zeytuna o qədər də çox tələbat yoxdur:
“Bazarda zeytuna olan tələbat hələ yeni-yeni artır. Vətəndaşlar daha çox günəbaxan yağlarına üstünlük verirlər. Buna görə bizdə bu bazarın inkişaf etdirilməsinə ehtiyac var. Zeytun azərbaycanlıların ağız dadına uyğun gəlmədiyi üçün ondan istifadəyə çox maraqlı deyillər. Bazarın özü də əhalinin adambaşına düşən istehlakına görə kiçikdir. Həmçinin vətəndaşlarımız zeytundan çox istifadə etmədikləri üçün də məlumatlı deyillər. Bunun özü də problem yaradır”.
Xalid Kərimli qeyd edib ki, ölkəyə İspaniya, Türkiyə, Yunanistandan zeytun yağı gətirilir.
Aygün Mirakif,
KONKRET.az