10 il sonra qətlə görə tutulmuşdu – Hökm oxundubackend

10 il sonra qətlə görə tutulmuşdu - Hökm oxundu

Ukraynanın Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətlində təqsirləndirilən İlham Məmmədova hökm oxunub.

KONKRET.az qafqazinfo.az-a istinadən xəbər verir ki,, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.

Bildirilib ki, cinayət hadisəsi 2015-ci ilin avqustunda törədilib. Ukrayna vətəndaşı, 1992-ci ildə Luqanskda doğulmuş Naim Balakişi oğlu Allahverdiyev və 1973-cü il təvəllüdlü İlham Qalib oğlu Məmmədov İ.Tağıyevə qarşı bir neçə dəfə quldurluq və soyğunçuluq əməli törətdikdən sonra onu qətlə yetiriblər.

Həmin ərəfədə N. Allahverdiyev tutulsa da, İ.Məmmədov qaça bilib. İlham Məmmədov 10 il sonra, bu ilin fevralında tutulub.

Qeyd edilib ki, bu cinayətlə bağlı daha əvvəl Ukraynada iki erməniəsilli şəxs də saxlanılıb.

Bu qrupun daha iki azərbaycanlı iş adamı Vüqar Nuruşov və Təbriz Ələkbərovu da öldürdüyü iddia edilib.

Məhkəmə İlham Məmmədovu Cinayət Məcəlləsinin 120.2.1, 120.2.11, 126.3, 178.2.2, 180.2.1, 180.2.3, 180.2.4, 180.2.5, 181.3.3, 182.3.3-cü maddələri üzrə təqsirli bilib. Ona 18 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 2016-cı ildə ovaxtkı baş prokuror Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya həmin ölkədə azərbaycanlı sahibkarların qətli ilə bağlı müraciət etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*