Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın yandırılmış cəsədinin 45 gün sonra tapılması həm kənd sakinləri, həm də ölkə ictimaiyyəti arasında müəyyən suallar yaradıb.
KONKRET.az bildirir ki, kənd əhalisinin, eləcə də digər insanların bir qismi axtarış tədbirlərinin yaxşı aparılmadığını və “işə məsuliyyətsiz yanaşıldığını” deyir. Digərləri isə düşünür ki, axtarışlar düzgün aparılsaydı, “Nərmin sağ tapılardı”.
Axtarışlar barədə yaranan sualları hüquq-mühafizə orqanlarında işləmiş təcrübəli şəxslərə ünvanladıq. Yerli medianın verdiyi xəbərə görə, yanvarın 9-da Baş prokuror Zakir Qaralov keçirdiyi müşavirədə “dövlət başçısının məsələni şəxsən nəzarətə götürdüyünü” deyib.
Bundan cəmi bir gün sonra, yanvarın 10-da Nərmin Quliyevanın ölümündə şübhəli bilinən şəxsin müəyyənləşdirildiyi açıqlanıb və barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Bu, Nərmin Quliyevanın qonşusu, 47 yaşlı İlkin Süleymanov olub. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun daha öncə yaydığı məlumatda deyilirdi ki, “kənd sakini İlkin Süleymanov yanvarın 6-da evlərindən təxminən bir kilometr aralıda Nərmin Quliyevanın meyitini aşkar edib və bu barədə dərhal polisə məlumat verib”.
İlkin Süleymanovun bacısı İlhamə Süleymanova deyir ki, “45 gün idi ortada heç nə yox idi. İlham Əliyev nəzarətə götürdü və o, nəzarətə götürən kimi də qatil tapıldı”. O sual edir ki, “niyə məsələyə yaxşı nəzarət etmədilər?” O, qardaşının qatil olmadığına inandığını və onu “işgəncə ilə” ifadə verməyə məcbur etdiklərini deyir. Hüquq-mühafizə orqanları bu iddiaları rədd edib.
2. Nərmin Quliyevanı daha tez tapmaq olardımı?
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırki Dövlət Təhlükəsizliyi Xidməti) istefada olan polkovnik-leytenantı İlham İsmayıl deyir ki, Nərmin Quliyeva “vaxtında yaxşı axtarılsaydı, bəlkə də sağ tapılardı”.
O söyləyir ki, burada birmənalı olaraq “heç bir iş görməyiblər” demək olmaz, lakin həm də “yaxşı axtarılıb” da demək olmaz.
“Nə etmək olardı? Elə işlər var ki, təkcə rayon səviyyəsində yox, yüksək səviyyədə həll olunmalıdır və burada bütün qurumlar işə salınmalı idi. Yeri gəlsə, polis digər orqanlara, əməliyyat-axtarış imkanları daha yüksək olan orqanlara müraciət edə bilərdilər. Görünür, işə bir o qədər yüksək peşəkarlıqla yanaşılmayıb”, o iddia edir. Hakimiyyət itkin düşmüş azyaşlı qızın axtarılmasına vaxtında başlandığını deyir. Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, hüquq mühafizə orqanlarının təlimatçıları hadisə barədə xəbər alan kimi, xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.
3. Təqsirləndirilən İlkin Süleymanovun evinə niyə baxılmayıb?
Mərhum azyaşlının atası Şərif Quliyev qızının itkin düşəndən sonra aparılan axtarış tədbirlərindən razı olduğunu bildirmişdi.
Lakin Şərif Quliyev deyib ki, qızı itkin düşəndən sonra kənddə axtarış aparıldığı zaman sonradan cinayətdə təqsdirləndirilən İlkin Süleymanovun yaşadığı evə baxılmayıb. Səbəb isə, onların “hörmətli ailə” olması, qonşu olması və buna görə də axtarışların “ayıb” olması göstərilib. llkin Süleymanovun bacısı İlhamə Süleymanova da iddia edir ki, polis əvvəlcə onların evini “yaxşı axtarmayıb”.
Daxili İşlər Nazirliyindən deyilib ki, axtarış zamanı “qanunun bütün tələblərinə əməl edilib”.
Qurumun sözçüsü Ehsan Zahidov “polis ilkin axtarışlar zamanı İlkin Süleymanovun evinə baxış keçiribmi” sualına “qanun tələb edibsə, keçirib” cavabı verib, əlavə şərh verməyib. Digər suallara isə, nə Daxili İşlər Nazirliyindən, nə də Baş Prokurorluqdan cavab almaq mümkün olub. İstefada olan polkovnik-leytenant İlham İsmayıl “hörmətli ailə” səbəbilə evin axtarılmaması fikri ilə razılaşmır, deyir “cinayət işində söhbət vəzifəsindən, hörmətindən asılı olmayaraq şəxsdən gedir” və şübhəli şəxsin necə insan olmasının “fərqi yoxdur”.
“Qanunda “bu hörmətli ailədir, bunu yoxlamayaq ifadəsi” yoxdur. Şübhəli şəxsdirsə vəzifəsindən, ictimai mövqeyindən, hörmətindən asılı olmayaraq hər şey qanunun tələb etdiyi, bütün incəliklərlə yoxlanılmalı idi. Düzdür, bəzən, deyilir ki, kimsə bu cinayəti də bilərmi, filankəs bu işi görə bilərmi. Bəlkə də, irəli sürülən əməliyyat versiyaları içərisində ilkin mərhələdə ən zəif halqa olub, şübhənin daha çox olduğu adamlar ətrafında daha çox işləyiblər, sonra iş elə gətirib ki, bu versiya üstün çıxıb. Yəni, hüquq-mühafizə orqanlarını birmənalı ittiham etmək olmaz. Əgər ata israr etsəydi ki, məhz bundan başlayın, o başqa məsələ”.
Dondar Quşçu bələdiyyəsinin sədri Elmar Mürşüdov demişdi ki, “polis kənddə bütün evləri axtarıb, hətta ot tayalarına kimi baxırdılar”.
4. Axtarışların nəticəsini uğurlu hesab etmək olarmı?
Keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, işin ilkin gedişatını və əməliyyat işlərini “qənaətbəxş hesab etmək olar”. “Cinayət işi demək olar ki, tam açılıb, şübhəli şəxs qismində həbs edilən var. Bu nöqtədən, işin əməliyyat və istintaqını, istintaq hələ yekunlaşmadığı üçün xüsusilə əməliyyatını qənaətbəxş hesab etmək olar. Elə cinayət işləri olur ki, uzun müddət əməliyyat işləri aparılır, amma cinayətin üstü açılmır”. Mahmud Hacıyev deyir ki, şəxsin itkin düşməsi barədə müraciət daxil olandan sonra onun barəsində axtarış işi açılır, amma bu, artıq cinayət işinin başlanğıcı və ya cinayət işi demək deyil.
Axtarış işi açılandan sonra, polis yerlərdə izahatlar alır, əməliyyat işləri görür, şəxsin aşkara çıxarılması, yerinin müəyyən olunması istiqamətində işlər aparır – Mahmud Hacıyev izah edir. Cənab Hacıyev söyləyir ki, Nərmin Quliyevanın barəsində də ilk itkin düşmə faktı ilə iş açılıb, sonradan məlum olub ki, o, qətlə yetirilib və cəsədi ortaya çıxıb.
5. Niyə ziddiyyətli izahatlar verilir?
Nərmin Quliyevanın qətlində təqsirləndirilən 47 yaşlı kənd sakini İlkin Süleymanov barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluq İlkin Süleymanovun “törətdiyi əməli tam etiraf etdiyini” desə də, bacısı onun cinayəti “işgəncə altında” etiraf etdiyini iddia edib. Baş Prokrorluöun mətbuat xidmətindən bildirilib ki, İlkin Süleymanova qarşı işgəncə hallarından “söhbət belə gedə bilməz”.
Keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, bu cür ağır cinayət hallarında mütləq qaydada istər zərərçəkmişin yaxınları, istər təqsirləndirilən tərəfindən “ziddiyyətli izahatlar olur”. “İstintaqın gedişatında çox şey ortaya çıxa bilər. Bu cür ağır cinayətlərdə bəzən olur ki, iş necə başlayıbsa elə də sonlanır, bəzən də görürsən ki, istintaqın gedişatında başqa müəyyən faktlar ortaya çıxır. Bu cür ağır cinayətlərdə insan psixologiyasından irəli gələrək, mütləq qaydada ziddiyyətli izahatlar olur, o tərəf çalışır desin ki, yaxşı axtarmadılar, heç bizim uşağın günahı da yoxdur, o biri tərəf də deyir niyə tez axtarmadılar, vaxtında bilmədilər, cəsədi gec tapdıq”.
6. Məlumatlar niyə açıqlanmır?
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nərmin Quliyevanın öldürülməsi və onun ölümündə təqsirləndirilən şəxs barədə məlumat versə də, ictimaiyyəti maraqlandıran bir çox suallar cavabsız qalır.
Qurumlar iş üzrə istintaqın getdiyini və buna görə məlumatların açıqlanmadığını desə də, “təsqirləndirilən şəxsin evinə niyə baxış keçirilməyib” tipli sualları da cavabsız qoyub. Mahmud Hacıyev axtarış işinin “məxfi” və “ümumi” olmaqla iki hissədən ibarət olduğunu, müəyyən məqamların məxfi, müəyyən məqamların isə açıq aparıldığını deyir. Onun sözlərinə görə, istintaqın gedişatı ilə bağlı hər şeyi tez-tez ictimaiyyətə, kütləvi informasiya vasitələrinə bəyan etmək düzgün deyil, bu, istintaqın gedişatına “xələl gətirən işdir”.
7. Axtarışların səhv aparılması iddiaları doğrudurmu və bunu kim yoxlayır?
Sosial şəbəkələrdə Nərmin Quliyevanın axtarışlarının vaxtında və düzgün aparılmadığı hesab edənlər çox oldu.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bu kimi hallar “qərəzli” hesab olunurdu. Məlumatda deyilirdi ki, Nərmin Quliyevanın atası Şərif Quliyev noyabrın 21-də qızının evdən getməsi və geri qayıtmaması barədə polisə məlumat verib və polis dərhal araşdırmalara başlayaraq izahatlar almağa başlamış, evlərə baxış keçirmişdi. Keçmiş polis rəisi Mahmud Hacıyev deyir ki, bu cür ağır cinayət əməllərində adətən xidməti təhqiqat işləri aparılır və düşünür ki, bu işdə də bu proses başlayıb.
“Hər hansı rayonun ərazisində hər hansı ağır cinayət tərkibli əməl baş verəndə Daxili İşlər Nazirliyinin mərkəzi aparatından hadisə yerinə müəyyən qrup gedir və polisin işə ilkin olaraq necə başladığını, sonradan istintaqın necə aparıldığını, işin açılmasında hər hansı gecikmə və ya səhvin olub-olmadığını öyrənir. Təhqiqat işində görsələr ki, əməkdaş məsuliyyət hissini itirib, müəyyən səhvlərə yol verib, ona xəbərdarlıq, töhmət, şiddətli töhmət, vəzifədən çıxarılmayadək cəza verilə bilər”.
Sabiq polis rəisi son üç ayda bu cür hallarla cəzalandırılan polis əməkdaşlarının çox olduğunu deyir.
8. Axtarış tapşırıqları düzgün yerinə yetirilirmi?
Keçmiş müstəntiq Rüfət Səfərov itkin düşmə ilə bağlı axtarış tədbirlərinin aparılmadığını, və ya “çox keyfiyyətsiz və səriştəsiz” aparıldığını düşünür.
O hesab edir ki, Nərminin iki ay müddətində saxlanıldığı yer təkcə bir balaca kənddən ibarət olduğuna görə, təkcə Tovuz rayon polis şöbəsinin əməkdaşlarının tam əməliyyat korpusu işə cəlb olunmuş olsaydı belə və axtarış yaxşı aparılmış olsaydı onun yerini müəyyən etmək olardı. Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, noyabrın 21-də itkin düşmüş azyaşlının tapılmamasından bir neçə gün sonra onun qəsdən öldürülməsindən şübhələr olub və ona görə də iş Baş Prokurorluğa verilib.
Öz iş təcrübəsindən danışan Rüfət Səfərov xatırlayır ki, müstəntiq işlədiyi zaman analoji işlərdə əməliyyat tapşırığı versə də, bəzən “formal cavablar” alırdı. “Görünür, müstəntiq, istintaqı aparan məsul şəxs rayon polis şöbəsinin rəhbərliyinə əməliyyat tapşırığı verib, bu da formal olaraq cavablandırılıb ki, biz tədbirlərimizi həyata keçirməkdəyik, amma hələ ki, nəticə yoxdur. Görünür, hüquq-mühafizə orqanları, bu halda polis və prokurorluq, prezidentin məsələyə müdaxiləsindən sonra bir az məsuliyyət hissinə sahibləniblər”.
9. Cinayətkarın həbs edilən şəxs olduğuna inanılırmı?
Cənab Səfərov istintaqın yekun nəticəsini bəri başdan şübhə altına almaq istəmədiyini desə də, cəmiyyətdə gedişat prosesinə etibar və etimadın olmadığını düşünür. “İş o həddədir ki, bəlkə də, Nərminin qətli ilə bağlı təqsirləndirilən şəxs həmin cinayəti törədib, amma insanlar artıq hüquq-mühafizə orqanlarının fəaliyyətinə o qədər etibarsız münasibət göstərirlər ki, istintaqın gedişatına inam bəsləmirlər. Digər tərəfdən də,sosial şəbəkələrdə görürəm ki, hətta Nərminin ailəsi təqsirləndirilən şəxsin bu cinayəti törədə biləcəyinə dair şübhəli yanaşma ortaya qoyur”.
Rüfət Səfərov məhkəmənin gedişatında və yekun qərarında istintaqın necə aparılması ilə bağlı xüsusi qərar çıxara biləcəyini, əməliyyat korpusunun, müstəntiqin və ya aidiyyatı məsul şəxslərin öz üzərilərinə düşən qanuni öhdəlikləri düzgün icra edib-etmədiyinin yekunda bilinəcəyinə inanır.