100  il 1 günlük məhbus həyatı və XV Lüdoviki rədd edən məhkumbackend

100  il 1 günlük məhbus həyatı və XV Lüdoviki rədd edən məhkum

Dünyadakı maraqlı və ən unikal hadisələri qeydə alan Ginnesin Rekordlar Kitabıdır. Bu kitab baş verən təkrarolunmaz hadisələr toplusudur və hər bir rekordsmen bu kitaba düşməyə cəhd edir. Rekordlar kitabında bütün sahələr əhatə olunur.

KONKRET.az Ginnesin Rekordlar Kitabına düşən maraqlı faktlar barəfə silsilə yazılar dərc etməyi planlaşdırır. Onlardan birini təqdim edirik.

Kitabda  bir materal diqqətimizi çəkdi. Bu, Fransada 100 il 1 gün müddətində  məhkum edilən Jan Baptiste Muron haqqındadır.  Hadisə 1676-cı ildə baş verib. O vaxt cinayətkarın heç  17 yaşı da olmayıb. Maraqlı budur ki, Muron cəzasını sona qədər çəkib  və 116 yaşında azadlığa çıxıb. Bu, dünyada ən uzun cəza çəkmə rekordudur və Ginnesin Rekordlar Kitabına salınıb.

Bəs 16 yaşlı Jan Babtiste Muronun günahı nə idi və onu niyə  bir əsrlik məhkum etmişdilər? Yeniyetmə Muron Marsel ətrafındakı Tarazon kəndində  bir neçə yanğında təqsirli bilinirdi. Bu, Fransada ölüm hökmündən daha ağır cəza hesab sayılırdı. Ən ağır cinayətləri törədən cinayətkarlar ömürlərinin sonunacan zindanda “çürüyürdülər”. Məhkumların əksəriyyəti cəzalarının ilk  10-15 ilində dünyalarını dəyişirdilər. Onların meyitləri də sahiblərinə verilmirdi və dənizə atılırdı.

Haqqında söhbət açdığımız cinayətkar Muron “Saint-Micel” hərbi gəmisində cəza çəkib və o, uzun müddət  zəncirlə taxta skamyaya bağlı saxlanılıb. Gəminin hər tərəfində 12 belə skamya olub. Bununla da, Muron 11 metr uzunluğunda ağır avarla işləməyə məhkum edilib. Onunla eyni skamyada daha beş məhbus oturub. Avarçəkənlər arasında əsirlər və dəniz quldurları da yer alıb. Avarçəkənlərin üstündə nəzarətçi dayanıb.

Məhkumların qidalanması da çox bərbad olub. Onlara yeməyə  qoxulu lobya sıyığı, bəzən isə çürük ət verirmişlər. Hərbi əməliyyatlar zamanı avarçəkənlərin əksəriyyəti həlak olurmuş. Jan Baptiste Muron istirahət üçün məqam tapan kimi gücünü bərpa etməyə çalışıb. Beləliklə, illər biri-birini əvəz etdikcə Muronun ətrafındakı insanlar yavaş-yavaş ölüblər. Nəzarətçilər də dəyişiblər. Onların yerini yeni simalar tuturmuş. Bir müddət Jan Baptiste 1723-cü ildə XV Lüdovikin həddi-büluğa çatdığı gün üçün baş verə biləcək əfvə ümid edib. Amma alınmayıb.

O, zəncirləndiyi skamyada qeydlər də aparırmış. Bir gün skamya üzərində ildə bir dəfə cızdığı xətləri saymağa başlayanda onların sayı artıq 62 olmuşdu. Məhbus artıq çox qoca olduğunu anlamışdı. Həmin gün yeməkxanada dövlət müfəttişləri ilə rastlaşanda  onlardan biri Murondan azadlığa çıxandan sonra nə etmək niyyətində olduğunu soruşmuşdu. Muron yeni həyata başlayacağını və bir daha səhv etməməyə çalışacağını bildirib kövrəlmişdi. Sonra məmur köhnə məhkum üçün nəsə etməyə çalışacağını söyləmişdi. Məhbusun belə dəhşətli şəraitdə bu qədər uzun müddət yaşaması müfəttişi əməlli-başlı təəccübləndirmişdi. O zaman Muron Fransanın ən yaşlı məhkumu idi.

İllər keçdi və dövlət rəsmilərindən cavab gəlmədi. O vaxta qədər üzən həbsxanalar ləğv edilmişdi və avarçəkənlər başqa ağır işlərlə məşğul idilər.  Amma bu, “Saint-Micel”-ə aid deyildi. Köhnə gəmi Tulon limanında lövbər salmışdı və oradan açıq dənizə çıxırdı. Muronun artıq 100 yaşı var idi və onu hələ qarşıda 16 il zindan həyatı gözləyirdi. Artıq 100 yaşlı Muron haqqında əfsanələr danışılmağa başlanılmışdı. Gecə klublarında peyda olan dənizçilər və sahil işçiləri Muron haqqında müxtəlif rəvayətlər uydurub danışırdılar. Şəhər sakinləri onlara diqqətlə qulaq asır və  “Saint-Micel”-də sirli bir adamın 100 il yaşadığına təəccüb edirdilər. Amma yüz yaşlı məhbus onun haqqında uydurulan söhbətlərdən xəbərsiz idi. Bütün bu əhvalatlar şəhər merinə də çatdı. O, XV Lüdovikə müraciət edib köhnə məhkumun bağışlanmasını xahiş etdi. Lüdovik məsələdən hali olanda çox heyrətləndi və  məhbusu bağışladı. Ancaq Muron cəzasını sona qədər çəkməyə qərar verərək Lüdovikin mərhəmətindən imtina etdi. Getdikcə beli bükülən qoca əlini həyatdan çoxdan üzmüşdü. Əlləri titrəyir, gözləri zəif görürdü. Lakin yaşamaq  uğrunda mübarizə  davam edirdi. O, düz 100 il 1 gün sonra azadlığa çıxanda 116 yaşı var idi. Muron mühafizəçilərin dəstəyi ilə sahilə çıxanda insanlar onu sükutla qarşıladı. Səs-küylü liman bir anlıq dayandı. İnsanlar parlaq günəş altında  gözlərini qıyaraq əyilən qocaya heyranlıqla baxırdılar. Adamlar zamana qalib gələn keçmiş məhkuma yol vermək üçün kənara çəkilirdilər. Onun həbsdə olduğu müddət ərzində Fransada üç hökmdar dəyişmişdi. Artıq Fransanı XVI Lüdovik idarə edirdi. Bütün fransız qəzetləri son nömrələrini  əfsanəvi qocaya həsr etmişdilər. Tezliklə bu mövzu başqa xəbərlərlə əvəz olundu və hamı köhnə məhkumu unuddu.

Muron  kiçik bir otağa yerləşdirildi. Onu yaxınlıqdakı yeməkxana sahibi himayəyə götürmüşdü. Qonaqlardan qalan yemək qalıqları Muron üçün göydən düşmə idi. O, nadir hallarda  gəzintiyə çıxırdı. Bir gün qonşular onun çölə çıxmadığından narahat olanda artıq gec idi. 123 yaşlı Jan Baptiste dünyasını dəyişmişdi. Qonşular keçmiş məhkumun üzündə donmuş təbəssüm görmüşdülər.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*