156 saylı məktəbin cəmiyyətimiz üçün çaldığı “SON ZƏNG” – Hara gedirik?backend

156 saylı məktəbin cəmiyyətimiz üçün çaldığı “SON ZƏNG” – Hara gedirik?

Ötən həftənin tükürpədici cinayəti yaddan çıxmamış mühafizəkar ənənələrə malik Şüvəlanda baş vermiş biabırçı insident prosesin məcradan çıxmasının göstəricisidir.

Dünəndən dövlət qurumları bir-birinin ardınca araşdırma ilə məşğul olduqlarını və işi nəzarətə götürdüklərini bəyan edirlər. Arada isə milli-mənəvi zərbələr alan cəmiyyət və onun ənənəvi dəyərləri əldən gedir.

2023-cü ilin statistikasına əsasən, cəmi 10127,110 milyonluq əhalisi olan məmləkətimizdə xoşagəlməz olayların çoxalması cəmiyyətin düşüncəli təbəqəsini çox narahat etməkdədir. İndi əksər insanlarımız “biz hara gedirik?” sualını  və “kimsə kimsənin kitabını oxumur” iradını bildirməklə əllərini çarəsizcəsinə yelləməklə məşğuldur.

Bu baxımdan 156 saylı tam orta məktəbin bir qrup qız şagirdinin həmin təhsil müəssisəsi məzununun başına gətirdiyi “yumşaq” insident insanı sarsıtmaya bilməz. Bu, ailə-məktəb münasibətlərinin deqradasiyaya uğradığının, cəmiyyətin ahənginin, müvazinətinin pozulmasının bariz nümunəsidir.

Videonu izləyərkən istər-istəməz düşünürsən: bu cür kriminal ruhlu yeniyetmə ünsürlər necə meydana çıxıb, hansı ailədə böyüyüb? Bakı kəndlərində, o cümlədən Şüvəlan kimi “böyük-kiçik” mövzularına xüsusi diqqət yetirilən bir qəsəbədə günün günorta çağında küçədə belə qorxunc hadisənin yaşanması çox məyusedicidir.

Dünən axşamdan isə sosial şəbəkələrdə günahın kimdə olduğu barədə qızğın müzakirələr gedir. Biri məktəbi, digəri valideynləri, başqası cəmiyyəti günahlandırır. Belə qızların “Əhməd”ə dönüşməyəcəyinin təminatının olmadığı diqqətə çatdırılır.

Hamımız məsuliyyət daşıyırıq. Bilirsinizmi niyə? Çünki millətin qarşısındakı məsuliyyəti unutmaq olmaz. Sevgili vətənimizdə ailə və milli-mənəvi dəyərlərinin aşınmasına susmaq olmaz. Vaxtilə maarifçi babalarımızın təhsil vasitəsilə cahillikdən xilas etməyə çalışdığı vətən övladlarının indiki texnoloju tərəqqi dövründə abdallığa və kriminala yuvarlanması böyük biabırçılıqdır.

Bir tərəfdən azərbaycanlı gənclər dünyanın ən nüfuzlu universitetlərində təhsil alır, ən məşhür qurumlarda çalışırlar, digər tərəfdən meydana kütləvi qətl törədən “Əhməd”lər və ya gənc qıza cəza kəsən yeniyetmə qızlar meydana çıxır. Bununla da bütün yaxşıların və yaxşılıqların üzərindən xətt çəkilir.

Deyəcəksiniz ki, “meşə çaqqalsız olmaz”. Amma ola bilər! Əgər hamılıqla ictimai yerlərdə özlərini qudurğan aparan, küçə söyüşlərini sağa-sola səpələyən “çaqqallara” qarşı susmasaq, hər yeniyetməmizə həssaslıqla davransaq, ailələrdə və məktələrdə gənclərin şəxsiyyət kimi yetişməsinə nail olarıq.

Birdəfəlik anlamalıyıq ki, dünyanın ən böyük neməti və xalqımızın xilas yolu həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaqdadır. Aqillər demişkən, özünə rəva bilmədiyini, başqasına rəva görmə!.

Xatirə SADİQ,

KONKRET.az

  • Uqur
    Fevral 20, 2024 - 18:19

    Salam aleykum.Biz bu gedişle Cehennemə.İnanin tam səmimi deyirəm.

  • Sədrəddin
    Fevral 21, 2024 - 08:33

    Soruşulur ki, niyə məktəbdə belə problemlər baş verir? Bəs siz məktəb direktorlarının və müəllimlərin içində qadınların mütləq çoxluq təşkil etdiyini görmürsünüzmü? Onların geyimi, davranışı, idarəçilik üsulu və xüsusilə də, həyat tərzi belə qızların yetişməsi üçün əsil “həyat proqramı”dır. Filosif Əflatundan soruşurlar ki, “sən övladını necə tərbiyə etməyi düşünürsən?” O da cavab verir ki, “cəmiyyət sağlam olarsa, mənim tərbiyəmə ehtiyac yoxdur”. Məktəblilər əxlaqlı olmağı ya ailədə, ya cəmiyyət içində, ya da məktəbdə öyrənməlidirlər. Bu günümüzdə məktəblərimizdəki müəllimlərimizdən əksəriyyətindən hansı əxlaqı öyrənmək, hansı tərbiyəni götürmək olar? Biz hələ sosial şəbəkə aşiqi olan bir qızın ağlasığmaz hərəkətlərini müzakirə ediriksə, görün oğlanlarımız nə edə bilər? Bir də ki, “nə edə bilər” ifadəsi artıq köhnəlib. Qadın məktəb direktorunun oğlu olan Əhməd və onun oxşarları artıq cəmiyyətimizin reallığıdır. Allah betərindən qorusun.

Sədrəddin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*