Bu gün Azərbaycan xalqı qanlı 20 yanvar faciəsinin 32-ci ildönümündə şəhidlərin əziz xatirəsini dərin hüznlə yad edir. Məhz bu faciədə canını qurban verən yüzlərlə insanın sayəsində Azərbaycan öz müstəqilliyinə qovuşub. Bu qanlı tarixi hər kəs bir cür yaşayıb. Kimisi meydanlarda “Azadlıq” şüarları səsləndirməklə, kimisi Sovet tanklarının qabağına əliyalın, silahsız çıxmaqla, kimisi də bu faciəni fotoaparatın obyektivindən bütün dünyaya çatdırmaqla müstəqilliyimizə öz töhfəsini verib.
KONKRET.az xəbər verir ki, 20 yanvar faciəsini fotoaparatın yaddaşına həkk edən və beləcə çəkdiyi kadrlarla hadisənin miqyasını dünyaya çatdıran şəxslərdən biri də AZƏRTAC-ın Fotoinformasiya baş redaksiyasının rəhbəri işləmiş mərhum Oqtay Aydın oğlu Məmmədov olub.
Oqtay Aydınoğlu Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirəndən sonra L. Krasin adına Elektrik Stansiyasında bədən tərbiyəsi təlimatçısı işləyib. Boksla məşğul olub, reqbi və üzgüçülük üzrə SSRİ və respublika miqyaslı yarışlarda dəfələrlə çempion adı qazanıb, İdman ustasının çalışdığı energetika müəssisəsində bədən tərbiyəsi və idman sahəsində də bir sıra uğurlu nəticələr əldə edib.
AZƏRTAC-ın əməkdaşı Malik Şərifovun həmin müəssisənin idman sahəsində əldən etdiyi göstəricilər barədə foto-süjet hazırlaması, Oqtay Aydınoğlunun həyatında yeni mərhələnin başlanğıcını qoyub.
Fotonun çəkilməsi, plyonkaların yuyulması, işıq düşməyən yerdə onun təmizlənməsi və ən nəhayət, ömrün bir anını əks etdirən ağ-qara şəkillərin araya-ərsəyə gəlməsi onu çox maraqlandırdığı üçün evdəki “Zenit” fotoaparatını işə salaraq övladları Aytənlə Aydının bir neçə şəklini çəkib, çox sevdiyi Xəzərin dalğalarını fotoobyektivin yaddaşına köçürüb, Hövsanda yaşadığı bağ evini, ağacları, təbiəti lentə alıb.
Bayılda yerləşən Elektrik Stansiyası öz fəaliyyətini başa vurandan sonra o, iş yerini AZƏRTAC-a dəyişib və bir müddət satış təmsilçisi işləyir. Lakin ağ-qara şəkillərin sehri Oqtay Aydınoğlunu tərk etmir. Burada tanınmış foto ustası Oleq Litvindən bu sənətin incəliklərini öyrənirb, kursa gedib. Həvəskar şəkillər çəkdiyi “Zenıt” fotoaparatını “Nikon” fotoaparatı ilə əvəz edib. Beləcə həvəskar fotoqraf nəinki Azərbaycanda, hətta bütün dünyada tanınan peşəkar bir sənət fədaisinə çevrilib.
O, 1990-cı ildən AZƏRTAC-ın fotomüxbiri kimi dünyanı dolaşıb. Azadlıq meydanındakı izdiham, Şəhidlər xiyabanında 20 Yanvar hadisələri qurbanlarının dəfni, ötən əsrin 90-ci illərinin əvvəllərində ölkədə olan dramatik hadisələr, Milli Məclis iclasları onun fotoobyektivinin yaddaşındakı lentlərdə əbədiliyə qovuşub. 20 Yanvar hadisələri vaxtı küçə və meydanlarda faciə qurbanlarının, əzilmiş maşın və texnikaların, atəşə məruz qalmış bina və evlərin şəkilləri məhz Oqtay Aydınoğlunun çəkdiyi kadrlar vasitəsilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə yol tapıb. Həmin günlərdə sovet hərbçiləri bir neçə dəfə fotoqrafın çəkdiyi kadrların qarşısını almaq üçün onun üst-başını axtarsalar da, əvvəlcədən özündə saxladığı boş və ya istifadə edilmiş plyonkaları verərək məşum günləri əks etdirən kadrları qoruya bilib.
Oqtay Aydınoğlu 1998-ci ildən agentliyin Fotoinformasiya baş redaksiyasına rəhbərlik edib. Həmin illər ərzində ölkəmizdə cərəyan edən ən mühüm sosial-ictimai, mədəni hadisələrin fotosalnaməçisi olub. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin, Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AZƏRTAC-ın fotomüxbiri kimi iştirak edib. Onun çəkdiyi fotolar təkcə respublika mətbuatında deyil, “Reuters”, “Frans Press” və “Associated Press” kimi xəbər agentlikləri vasitəsilə də yayılırdı. Azərbaycan həqiqətləri və reallıqları onun fotoaparatının kiçik obyektivindən dünyaya pəncərə açıb.
2009-cu ilin 20 yanvar səhərində həmişəki kimi evdən çıxıb işə gedib. Şəhidlər xiyabanında faciənin ildönümü ilə əlaqədar ziyarətin çəkilişindən az sonra qəflətən ürəyindən ağrı tutub. Onu maşına qoyub iş yerinə gətiriblər. Həkimlər, tibb işçiləri çox çalışsalar da, Əməkdar mədəniyyət işçisi Oqtay Aydınoğlunun həyatını xilas edə bilməyiblər. Öz iş otağında anları, hadisələri, tarixi ədəbiləşdirən fotosənətkar ömür təqviminin 58-ci il ilində əbədiyyətə qovuşub.
Oqtay Aydınoğlu 2006-cı ildə Fotoqraflar Birliyi tərəfindən “İlin ən yaxşı siyasi fotomüxbiri”, 2009-cu ildə isə Mətbuat Şurasının “Media açarı” mükafatına layiq görülüb.
Eyni zamanda Oqtay Aydınoğlunun peşəkarlığı dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. O, “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.
KONKRET.az