2020-də İrəvanı SİLAHLANDIRAN Serbiyanın 2022-də Bakı MÖVQEYİ – TƏHLİLbackend

2020-də İrəvanı SİLAHLANDIRAN Serbiyanın 2022-də Bakı MÖVQEYİ - TƏHLİL

2020-ci ilin iyulu Azərbaycan xalqının yaddaşında Tovuz hadisələri ilə yadda qaldı. General Polad Həşimovun şəhidliyi fonunda xalq Ali Baş Komandana intiqam dolu II Qarabağ müharibəsi çağırışları etdi. Prezident İlham Əliyev sentyabrın 27-dən başlayaraq xalqın qisas çağırışını zəfərə çevirdi.

KONKRET.az xəbər verir ki, Tovuz hadisələri ilə bağlı qeyri-rəsmi informasiyalar yayılmışdı. Ən qabarıq söz-söhhət Polad Həşimovun Azərbaycanın müyyən irirütbəli zabitləri tərəfindən satılması idi. Rəsmi təsdiqlənən xəbərlərdən biri isə həmin dövrdə Serbiyanın Ermənistana silah satması olub.

Hətta Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək Tovuzdakı hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.

Sonradan aydın oldu ki, Serbiyanın silah zavodları Azərbaycana Ermənistandan 10 dəfə çox silah satıb.

Bu dəfə Prezident İlham Əliyevin Serbiya səfəri və bu ölkənin lideri Aleksandar Vuçiçin bəyanatındakı bəzi məqamlardan söhbət açacağıq:

“Bizim Azərbaycanla bir çox oxşarlıqlarımız var. Hər iki ölkə öz ərazi bütövlüyünü qətiyyətli şəkildə qoruyub saxlayır və biz bir-birimizə beynəlxalq arenada, beynəlxalq təsisat və təşkilatlarda BMT Nizamnaməsinə və beynəlxalq ictimai normalara əməl edərək kömək edirik. Biz bu məsələdə bir-birimizə etibar edə bilərik”.

– Bir faktı qeyd edim ki, son günlər Serbiya-Kosova müharibəsinin hər an başlaya biləcəyi aktuallaşıb. Bəli, Serbiyanın Azərbaycanın siyasi dəstəyinə ehtiyacı var. Çünki rəsmi Belqrad da beynəlxalq ədalətsizliklə üzləşdiyini düşünür. 1999-cu ildə NATO Serbiya təhlükəsizlik qüvvələrinin fəaliyyətini dayandırmaq üçün həmin vaxt mövcud olan Yuqoslaviyanı 78 gün ərzində bombalamışdı. Serbiyada bir çoxları fikirləşirlər ki, NATO BMT-nin icazəsi olmadan mülki əraziləri bombalamaqla və mübahisəli artilleriya silahı istifadə etməklə beynəlxalq hüququ pozub. Bununla da albanların tərəfində olduğunu göstərib. Yəni Bakının Belqrada belə bir tövsiyəsi ola bilər ki, BMT-yə çox da ümid bəsləməsinlər. Çünki təşkilatın təhlükəsizlik şurası erməni işğalına qarşı qəbul etdiyi 4 qətnaməni 30 il icra etməyib. Nəticədə BMT qətnamələrinin icrasını Azərbaycanın özü reallaşdırmalı olub. Hər halda Aleksandr Vuçiç bunu anlamasa, belə deməzdi:

“Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik. Yalnız bir neçə ölkənin beynəlxalq hüquq normalarına riayət etməsindən başqa beynəlxalq hüquqdan çox az bir şey qalıb. Biz buna əməl etməyin gələcəyimiz üçün yeganə imkan və seçim olduğunu düşünürük”.

– Mövcud geosiyasi və iqtisadi reallıqlar, Azərbaycanın beynəlxalq hüquq normalarına sadiqliyi Fransadan başqa, demək olar ki, bütün Avropa ölkələrinin gözünü açıb. Serb liderin bizi etibarlı tərəfdaş adlandırması da bunu isbatlayır:

“Mən Prezident Əliyevə dedim ki, bütün şəffaf protokol məsələlərinə görə bəzi sənədlər imzalanmalı olsa da, onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir, bilirəm ki, bu, belə də olacaq”.

– Qeyd edim ki, Prezident İlham Əliyevin vədlərinə sadiqliyi barədə dünya liderlərinin çoxu eyni fikirdədir. Bundan başqa, “İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir” deyən Vuçiç bir az paxıllıq etdiyini də danmayıb. O, bunu Avropanın Azərbaycanın qəbuluna düşmək üçün növbəyə yazılması, köhnə qitənin Bakıdan enerji asılılığı ilə əlaqələndirib:

“Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər. Mən həqiqətən şadam ki, mənim böyük dostum və Serbiyanın böyük dostu necə uğur qazanıb və dəyişməyib, o, hər zaman öz ölkəsinin təhlükəsizliyini təmin edib, ona hörmət edilməsinə nail olub, öz ölkəsinin qayğısına qalır və öz ölkəsinin maraqlarını müdafiə edir”.

Bir məsələ dəqiqləşir ki, III Qarabağ savaşı baş verərsə, Serbiyanın Ermənistana silah satışına təsir edə bilərik.

Digər tərəfdən, həmişə Azərbaycana ikili standartlar tətbiq edən Avropaya indi Bakı ikili standartlarla yanaşır. Nümunə kimi Prezident İlham Əliyevin əvvəlcə NATO ölkəsi Albaniyaya, ardınca 1999-da NATO-nun bombaladığı Serbiyaya səfərlərini göstərmək olar.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*