21 il 39 günlük ŞƏRƏFLİ ÖMÜR – Şəhid olmasa, 50 YAŞINI qeyd edəcəkdi – FOTObackend

21 il 39 günlük ŞƏRƏFLİ ÖMÜR - Şəhid olmasa, 50 YAŞINI qeyd edəcəkdi - FOTO

Səbahəddin Fazil oğlu Bayramov 1972-ci il noyabrın 26-da Qubadlı rayonunun Dondarlı kəndində anadan olub. Uşaqlıq yaşlarından çevik, çılğın olduğundan əzizləri və kənd camaatı ona Qaraca deyərək müraciət edirdi.

KONKRET.az xəbər verir ki, Səbahəddin milli qəhrəman Əliyar Əliyevin güləş məktəbində təlim keçib. Yarışlarda yüksək nailiyyətlər qazanıb.

Səbahəddin 1990-cı ildə orta məktəbi bitirdikdən sonra sürücülük peşəsinə yiyələnib.

Şəhid Səbahəddinin məktəbdə oxuduğu dövr ilə bağlı Eldar müəllimin (Ağakişiyev) xatirəsi:

“Həmişə mənə deyərdi, Eldar müəllim, mən hərbçi olacam. Hərbi dərslərdə həm nəzəri, həm də praktiki məsələlərdə fəal şagirdlərdən biri idi. Silahların sökülüb yığılmasını elə həvəslə edirdi ki, adama elə gəlirdi ki, əsl hərbçidir. Atəş hazırlığı məşqlərində, atəş yarışlarında həmişə yüksək xal toplayırdı. Məktəbin 11-ci sinif hərbi hazırlıq proqramına uyğun olaraq avtomat silahlardan atəş açmaq üzrə Xanlıq kəndində yarış keçirildi. Sabahəddin həmin yarışda birinci yerə çıxdı. Bir rus komandiri “Paren nostayaşı snayperist ştoli” yəni ” cavan oğlan həqqiqi snaperçisən?” demişdi.

1991-ci ilin iyun ayında Sovet ordu sıralarına xidmətə yola salınıb. Lakin ermənilərlə havadarlarının ərazi bütövlüyü və suverenliyimizə qarşı çıxması Səbahəddini hiddətləndirib. SSRİ-yə qulluqdan imtina edən Səbahəddin 1992-ci ildə Vətənə qayıtmış və könüllü olaraq ordu sıralarına daxil olub.

Səbahəddin Qubadlı rayonunun sərhəd kəndləri ilə bərabər Laçın, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonları uğrunda gedən döyüşlərdə igidlik göstərib. Son döyüşü 1994-cü il yanvarın 4-də Ağdam rayonunun Güllücə kəndində olub. Səbahəddin Bayramov qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycanın bu qəhrəman övladı fiziki olaraq 21 il 39 gün ömür yaşasa da, mənəvi olaraq xalqın qəlbində yaşayır və Azərbaycan var olduqca yaşayacaq. Sabah isə şəhid Səbahəddinin dünyaya gəlməsindən 50 il ötür.

Ruhun şad olsun, Şəhidim! Uğrunda can verdiyin Güllücə kəndi, doğulduğun Dondarlı da Azərbaycan Ordusu tərəfindən azad edilib.

Son iki ilə qədər I Qarabağ müharibəsi şəhidlərinin, sizin ziyarətinizə utana-utana, üzüqara gəlirdik. Bizə məğrur yeriməyi nəsib edən şəhid və qazi qardaşlarımız qarşısında baş əyirik!

Qeyd edək ki, qəhrəman şəhidimiz Səbahəddin subay idi. Qardaşı və döyüş yoldaşı olan Bayramov Əli şəhid qardaşının adını yaşatmaq üçün öz oğlunun adını Səbahəddin qoyub. Allah şəhidimizin torpağı-sanı qədər ömür versin!

Səbahəddin sərrast atıcılıq qabliyyəti ilə onlarla erməninin canlı qüvvə və texnikasını məhv etsə də, düşmən gülləsindən yayına bilmədi. Bir hərbçi kimi yaşamasa da, qəhrəman hərbçi kimi şəhid oldu. Şəhidim məkanın uca, qəbrin nurlu olsun.

Yeri gəlmişkən, sabah şəhidin 50 yaşı ilə əlaqədar Sumqayıtda tədbir keçiriləcək. Səbahəddinin xatirəsini anmaq istəyən hər kəs 26 noyabr saat 11:00-da Sumqayıt Şəhidlər Xiyabanına gəlsin.

Rövşən Murad,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*