Türkiyənin Adana şəhərində 1998-ci ildə 9 yaşlı T.O adlı qıza təcavüz edib öldürən şəxs azadlığa çıxdıqdan sonra dostunu öldürüb.
KONKRET.az xəbər verir ki, Adana Polis Şöbəsinin Cinayət Bürosu tərəfindən yaradılmış xüsusi qrup avtovağzalda işləyən və ailəsinin itkin düşdüyünə dair ərizə verdiyi Murat Arlının cəsədini martın 10-da çuvalın içində adyala bükülmüş və çürümüş halda Karataş rayonu ərazisindəki sahildə tapıb.
Cinayəti araşdıran qruplar Murat Arlının söndürülən mobil telefonunun IMEI nömrəsini izləməyə alıb. Araşdırma zamanı telefonun Arlının avtovağzalda birlikdə çalışdığı dostu Atilla Cücünün oğlu tərəfindən Qarsda istifadə edildiyi məlum olub. Adana və Qarsda eyni vaxtda keçirilən əməliyyat nəticəsində Cücü və oğlu da daxil olmaqla, 5 şübhəli saxlanılıb.
Atilla Cücü polis bölməsində dindirilərkən qətli etiraf edib.
“Avtovağzalda bir yerdə qalırdıq. Birlikdə içki içmişdik, sonra mübahisə etdik. Bir anlıq qəzəblə dostumu döyərək öldürdüm. Daha sonra cəsədi adyala büküb çuvalın içinə qoydum, sonra motosikletimlə aparıb drenaj kanalına atdım. Çox peşmanam”, – deyə o bildirib.
Şübhəlilərdən Atilla Cücü həbs edilib, digər dörd nəfər isə məhkəmə nəzarəti altında olmaları şərti ilə azadlığa buraxılıb.
Həbsxanaya göndərilən Atilla Cücünün 1998-ci ildə qətl və təcavüz cinayətlərinə görə həbs olunduğu və bir müddət əvvəl azadlığa çıxdığı məlum olub. Cücü həmin vaxt qonşusunun 9 yaşlı qızı Tuğçe Omitanı siqaret aldırmaq bəhanəsi ilə evinə dəvət edib, burada kiçik qıza təcavüz edib, daha sonra öldürüb və eynən Murat Arlı kimi, cəsədini adyala bükərək drenaj kanalına atıb.
Atilla Cücünün həbsxanadan çıxdığını və yenə eyni şəkildə qətl törətdiyini televiziyada görən Tuğçe Omitanın anası Döne Omita üsyan edib.
“Sən demə, ölməyib, azadlığa buraxılıb. Və yenə də qətl törədib. Qatillərlə birlikdə yaşayırıq. Həyati təhlükəsizliyimiz yoxdur. Bu adam qızımı öldürüb kanalizasiyaya atmışdı. Onu televiziyada görəndə qızımın öldüyü günə qayıtdım, əsəb pozğunluğu keçirdim, hiss etdiyim ağrını, kədəri təsvir edə bilmirəm”, – deyə qadın jurnalistlərə bildirib.
Döne Omita digər qızının da xərçəng və yataq xəstəsi olduğunu deyib.
Fotoda Murat Arlı