Şəmkir rayonunda ər-arvad arasında mübahisə cinayətlə nəticələnib.
KONKRET.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 20 dekabr 2024-cü ildə Şəmkir rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Əhməd yaşadığı evin mətbəxində arvadı Mədinə (adlar şərti verilib – red.) ilə hamamı hazırlatdıqdan sonra çimməməsinə görə qadının deyinməsi, eləcə də onunla kobud danışması səbəbi ilə mübahisə edib.
Mübahisə zamanı əsəbləşən Əhməd stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə həyat yoldaşının qarın nahiyəsinə bir zərbə vurub.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən müttəhim özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə həyat yoldaşıyla aralarında olan münaqişə zəminində baş verib: “Hadisə zamanı bir az içkiliydim. Həyat yoldaşım məndən hamama getməyimi istədi. Mən də əsəbi olduğum üçün hadisə baş verdi”.
Təqsirləndirilən şəxs bildirib ki, 26 ildir evlidirlər, əvvəllər mübahisələri olmayıb. Həmçinin qeyd edib ki, bıçağı mətbəxdən götürüb.
O, zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əməldən peşman olduğunu deyib, həyat yoldaşını bilmədən, səbəbsiz vurduğunu söyləyib.
Zərərçəkmiş Mədinənin sözlərinə görə, təqsirləndirilən şəxs olan əri axşamdan ona hamamı hazırlamağı tapşırıb, çiməcəyini deyib: “Amma gecə evə gec gəldi. Mən onun çimməsi üçün təkid etdim, mübahisəmiz yaranıb. Hadisənin necə baş verdiyini bilmədim”.
Mədinə bildirib ki, hadisə zamanı həyat yoldaşı əsəbi olub və onun üzərinə çox gedib. Həmçinin qeyd edib ki, əvvəllər davaları olmayıb: “Həyat yoldaşım əvvəllər mənə şiddət göstərməyib. Hadisə günü də məni vurduqdan sonra peşman olub”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub.
Ona 3 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.