Son günlər sosial şəbəkələrdə yayılan “duza un qatılır” iddiaları ictimaiyyətdə narahatlıq yaradıb. İddialara görə, satışda olan bəzi duz məhsullarının tərkibinə əlavə maddələr qarışdırılır ki, bu da həm məhsulun keyfiyyətinə, həm də insan sağlamlığına mənfi təsir göstərə bilər. Xörəyə nə qədər çox duz əlavə olunsa da, duzluluq hiss olunmur. Lakin rus markalarına aid duzdan az miqdar istifadə etdikdə yerli duzla müqayisə kəskin hiss olunur.
Əgər doğrudan da duza un və ya digər maddələr qatılarsa, bunun insan sağlamlığına təsiri nə ola bilər?
Vətəndaşlar aldıqları duzun keyfiyyətli olub-olmadığını necə müəyyən edə bilər?
Ev şəraitində duzun təmizliyini yoxlamaq mümkündürmü?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, Azərbaycanda ən keyfiyyətli hesab olunan duz Naxçıvan qaya duzlarıdır.
Mütəxəssisin sözlərinə görə, Naxçıvan duzu az emal olunur. Bu duzun rəngi qırmızıya çalır. Eləcə də onun duzluluq faizi digər duzlara nisbətən daha çox olur. Ona görə də bu duzlardan istifadə edərkən, az miqdarda əlavə etmək lazımdır.
“Keyfiyyətli duzun əsas tərkibi natrium xloriddən ibarətdir və 99 faizini bu maddə təşkil etməlidir. Həmçinin kristal görünüşə malik olmalıdır. Ancaq bir çox hallarda satışda emal olunmuş duzlara rast gəlirik. Bu duzları alarkən, ilk növbədə onun etiketinə baxmaq vacibdir. Çünki bəzi əlavələr standartlara uyğun olur və müəyyən dozada təhlükəli deyil. Bunlar duzun daşlaşmasının qarşısını alır və nəmlik dərəcəsini azaldır”, — deyə Məhsəti Hüseynova əlavə edib.
Ekspert qeyd edib ki, həmin maddələr “E” kodları ilə göstərilir. Bunlar E-535, E-536, E-538 kodlarıdır. Bir çox hallarda E-551 kodundan da istifa edilir. Az miqdar da əlavə edildiyinə görə, zərərli hesab olunmur.
Bəzi xəstəliklərə toxunan Məhsəti Hüseynova vurğulayıb:
“Qalxanabənzər vəzin qarşısını almaq üçün duzun tərkibinə yodlu birləşmələr də qatılır. Əgər bu maddələr də qatılıbsa, etiket məlumatlarında mütləq şəkildə göstərilməlidir. Bir çox hallarda məhsulun keyfiyyət nömrəsi, yaxud da qurumun məlumatları da etiketdə qeyd olunur”.
“İstənilən bütün məhsullarda biz” 3 ağ zəhər” adını eşidirik. Bunlar un, duz və şəkərdir. Çünki bu məhsullara daha çox qatqılar əlavə edilir. Səbəb isə çox alınan məhsul olmasıdır. Bəzən işbazlar standartlara uyğun olmayan, sağlamlığa fəsadlar törədən qatqılar əlavə edirlər. Hətta məhsulun çəkisini artırmaq məqsədilə marketinq hiyləsi həyata keçirilir. Ona görə də mənşəyi bəlli olmayan, dövlət nəzarətindən keçməyən məhsulları almaq tövsiyə olunmur. Hətta məhsullara unla yanaşı nişasta, təbaşir tozu, qum da qatırlar. Bu da insan orqanizmində təhlükələrə gətirib çıxarır”, — deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Dəniz Pənahova
KONKRET.az
