Azərbaycan musiqisində böhran dərinləşir: Bəstəkarlar sənətdən niyə uzaqlaşır?backend

Azərbaycan musiqisində böhran dərinləşir: Bəstəkarlar sənətdən niyə uzaqlaşır?

Müasir dövrdə musiqi sənayesi sürətlə dəyişir və bu dəyişikliklərin mərkəzində artıq sənət deyil, daha çox trend və banallıq dayanır. Sosial platformaların təsiri ilə mahnılar saniyələr içində populyarlaşır, lakin eyni sürətlə də unudulur. Əvvəllər isə musiqi həm söz, həm də melodiya baxımından daha dərindən işlənir, illərlə yadda qalan əsərlər yaranırdı.

Bu dəyişimin fonunda diqqət çəkən əsas məqamlardan biri də klassik mənada bəstəkarların səhnədən tədricən “yoxa çıxması” ilə bağlıdır. Bir zamanlar musiqinin əsas yükünü daşıyan bəstəkarlar bu gün ya kölgədə qalıb, ya da ümumiyyətlə prosesdən kənarlaşıb. Onların yerini isə sürətlə istehsal olunan, alqoritmlərə uyğun “hit” layihələr və səthi ifaçılar tutur.

Bəs bu vəziyyətin əsas səbəbi nədir: dinləyici zövqünün dəyişməsi, yoxsa musiqi istehsalında keyfiyyətin ikinci plana keçməsi?

Cavanşir Quliyev xəstəxanaya yerləşdirildi | Modern.az

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev bildirir ki, bu, zamanın tələbidir:

“Bəşəriyyət dəyişir və sənət əsərinə zaman ayıraraq onun gözəlliyindən zövq alan insanların sayı sürətlə azalır. İnsanlar robotlaşır – hər bir məlumatı, o cümlədən bədii sənəti qısa vaxtda və sadə şəkildə qəbul etmək istəyirlər. Məlumat alqoritmləşir, qısalır, daralır. Cəmiyyət artıq sənəti başqa cür qəbul etmək istəmir, çünki gərgin həyat tempində buna vaxt yoxdur. İstehsalçı da cəmiyyətin “sifarişini” yerinə yetirməyə məcburdur. Ciddi sənətçilər yavaş-yavaş başqa sahələrə yönəlirlər. Bazar iqtisadiyyatının nəticələrindən biri də budur. Süni intellekt də bu tendensiyanı sürətləndirir. İnsanlar fərqinə varmadan makinaya çevrilirlər”.

C.Quliyevin fikrincə, bu problem zamanla aradan qalxmayacaq, əksinə, daha da dərinləşəcək.

Eldar Mansurov 72 yaşında — Video

Xalq artisti, bəstəkar Eldar Mansurov da sənət anlayışının getdikcə öz mahiyyətini itirdiyini təəssüflə qeyd edir:

“Söhbət təkcə bəstəkarlıqdan getmir. Hər şey robotlaşır, o cümlədən musiqi də. Ən acınacaqlısı isə odur ki, bu proses məhz musiqidən başladı. Süni intellekt artıq şəkilləri belə canlandıra bilir. Dinləyici zövqü dəyişib və əsl sənət nəinki ikinci plana keçib, demək olar ki, yox olmaq üzrədir”.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, bəstəkar Vəfa Bağırzadə isə bildirir ki, əvvəllər bir musiqi əsəri üzərində aylarla, bəzən illərlə işlənirdi:

“Bəstəkar yalnız melodiyanı deyil, ideyanı, emosiyanı və estetik düşüncəni formalaşdırırdı. Söz, melodiya və dramaturgiya vəhdət təşkil edirdi. Buna görə də yaranan əsərlər zamanın sınağından çıxır, nəsillər boyu yaşayırdı. Bu gün isə əsas məqsəd sənət yaratmaq deyil, tez istehlak olunan məhsul təqdim etməkdir”.

Onun sözlərinə görə, bu prosesin ən ağrılı tərəflərindən biri klassik və akademik musiqi bəstəkarlarının “səhnədən sıxışdırılması” ilə bağlı yaranan yanlış təsəvvürdür:

“Əslində onlar yoxa çıxmayıblar – yazır, yaradır və mürəkkəb musiqi strukturunu qoruyurlar. Lakin reallıq ondan ibarətdir ki, bazar iqtisadiyyatı və rəqəmsal alqoritmlər daha çox tez istehlak olunan məhsulu tələb edir. Biz artıq baxış, bəyənmə və paylaşım saylarının idarə etdiyi bir dövrə daxil oluruq. Belə mühitdə musiqinin dərinliyi bəzən sosial şəbəkələrin 15 saniyəlik videolarına qurban verilir”.

Bəstəkar əlavə edir ki, bazarda səs imkanları məhdud, bədii düşüncəsi zəif olan ifaçıların artması da təsadüfi deyil. Bu tip layihələr qısa müddətli populyarlıq qazansa da, nə estetik dəyər yaradır, nə də musiqi mədəniyyətinə real töhfə verir. Əksinə, bu proses dinləyici zövqünün sadələşməsinə, bəzən isə korlanmasına gətirib çıxarır.

“Təəssüf ki, hazırkı mühitdə bu dəyərlər çox vaxt diqqətdən kənarda qalır. Onların yerini isə sürətli şəkildə hazırlanmış, səthi melodiyalara və bəzən primitiv mətnlərə əsaslanan layihələr tutur. Musiqi bazarında səs imkanları məhdud, bədii düşüncəsi zəif olan ifaçıların sayının artması da təsadüfi deyil. Bu cür “hit” layihələr qısa müddətlik populyarlıq qazanır, lakin nə estetik dəyər yaradır, nə də musiqi mədəniyyətinin inkişafına real töhfə verir. Əksinə, bu proses dinləyici zövqünün tədricən sadələşməsinə və bəzən də korlanmasına gətirib çıxarır. Tarix göstərir ki, bədii dəyəri zəif olan nümunələr zamanın sınağından keçmir. Yalnız peşəkar düşüncə ilə yazılmış, estetik və mənəvi yük daşıyan əsərlər uzunömürlü olur və musiqi tarixində qalır. Məhz buna görə də akademik bəstəkarlıq məktəbi bu gün də musiqinin bədii səviyyəsini qoruyan əsas dayaqlardan biri hesab olunur” – deyə V.Bağırzadə vurğulayır.

Dəniz Pənahova
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*