“Mən Rusiyanın adamı deyiləm” – Elmira Axundova iddialara CAVAB VERDİbackend

“Mən Rusiyanın adamı deyiləm” - Elmira Axundova iddialara CAVAB VERDİ

Xalq yazıçısı, Azərbaycanın Ukraynadakı sabiq səfiri Elmira Axundovanın Demokrat.az-a müsahibəsi:

— Elmira xanım, belə bir iddialar səsləndirilir ki, siz Ukraynaya səfir gedəndən sonra səfirliyə məxsus olan binanı 6 milyona satmısız. Bu iddialara münasibətinizi bilmək istərdik…

— Bu səsləndirilən iddialar çox gülüncdür. Çünki dövlətə məxsus bina necə satıla bilər?!

Özünüz başa düşürsünüz ki, bu cəfəngiyatdır. Əksinə, təvazökarlıqdan uzaq da olsa, mənim o binada ən azı 20 min dollarlıq işlərim qalıb. Yəni, o zamanlar mən gələndə iqamətgahın ikinci mərtəbəsi çox pis vəziyyətdə idi. Qapıları, pəncərələri və s. hamısı pis durumda idi. Mən o zamanlar Xarici İşlər Nazirliyindən xahiş etdim ki, ora təmir olunsun. Beləliklə, binanın təmirinin bir hissəsi Xarici İşlər Nazirliyinin hesabına, təxminin 18 mini isə mənim hesabıma həyata keçirildi.

Daha sonra isə ora öz hesabıma 5-6 minlik avadanlıq da aldım. Hazırda bütün bunların hamısı orada durur. Hamı da bilir ki, mən öz şəxsi hesabıma iqamətgahı təmir etmişəm və avadanlıqla təchiz etmişəm. Bununla da fəxr edirəm. Hətta, orada bizə məxsus olan torpaq da var idi, ancaq o satılmışdı və mən onu da geri qaytardım.

Bu barədə səsləndirilən iddialar isə gülünc və səfehdir. Mən onu nəinki qəbul etmirəm, əksinə, qeyd edim ki, öz şəxsi hesablarıma etdiklərim də həmin binada qalacaq.

—  Adınızın Ukrayna dövləti tərəfindən “Persona non grata” elan edildiyi də iddia edilirdi. Ukrayna dövlətinin sizi “Rusiyanın adamı” olmaqda ittiham etdiyi barədə şayələr gəzir. Bu cür məlumatlar haradan qaynaqlanırdı?

—  Mənim “Persona non grata” və ya “Rusiyanın adamı” adlandırılmağım  və s. hamısı həqiqətən də gülüncdür. Mən Rusiyanın adamı deyiləm, əksinə iki il yarım Ukraynada işləmişəm. Özümü hər zaman Azərbaycanın adamı kimi göstərmişəm.

Ukraynada Qazaxıstan səfiri var idi, indi də deyəsən orada işləyir. Deyir, “Elmira xanım Qarabağ müharibəsi dövründə şir kimi vuruşurdu. Hər gün onu televiziya kanallarında görürdük. Doğurdan da, Azərbaycan mənafelərini çox ciddi qoruyurdu”.

Eyni zamanda hamı bilir ki, anam ukraynalıdır. Özü də Zaporojyada Siç deyilən kazak nəslindəndir. Mən Ukraynanı çox sevirəm və məni də Ukraynada çox yaxşı qəbul ediblər. Yolumu da gözləyirdilər, sadəcə Azərbaycan tərəfi məni qoruyaraq deyirdi ki, xanımsan, hazırda qadınlara orada yer yoxdur. Mənimlə bərabər iki xanım – bir deputat, bir də köməkçisi qayıtmışdı. Heç birinə də sonra ora qayıtmağa icazə verilmədi və onlar da Bakıda qaldılar. Yəni, onları da geri qaytarmadılar. Ona görə də söhbət ancaq və ancaq bizim xanımlığımızdan gedir ki, şiddətli müharibədə qadınların yeri yoxdur. Ancaq və ancaq o məsələ ortaya düşdü. Yoxsa “Persona non grata” və ya “Rusiyanın adamı” adlandırılmağım hamısı gülünc və səfeh şayələrdir. Bizim düşmənimiz, bədxahlarımız bunu yayırlar. Sizin kimi ciddi jurnalistlər belə şeylərə uymamalısınız.

—  Azərbaycan dövlətindən vəzifə gözləyirsiniz?

—  Mən sizin bu sualınızı ulu öndərimiz Heydər Əliyevin sözü ilə demək istəyirəm. Bilirsiniz ki, ümumilli lider Heydər Əliyev mənim sevimli insanımdır, sevimli obrazımdır. O, həmişə öz həmkarlarına və işçilərinə deyirdi: “Heç vaxt vəzifə axtarmayın. Çalışın ki, vəzifə özü sizi axtarsın”.

Sizin bu sualınıza mənim cavabım belədir.

Təşəkkür edirəm, sağ olun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*