38 nəfər YAP-dan çıxarıldıbackend

38 nəfər YAP-dan çıxarıldı

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub.

KONKRET.az xəbər verir ki, bu barədə YAP-ın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib. Tahir Budaqov bildirib ki, ötən il yeni maliyyə-uçot sisteminə keçid olub və 2022-cü il üzrə partiyanın maliyyə hesabatları bu sistem əsasında hazırlanıb.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Arif Rəhimzadə çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. 2022-ci il üzrə maliyyə hesabatları İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.

Sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*