“Cəmiyyətimizin 8 noyabrda Zəfər tariximizin beşinci il dönümünü qeyd etdiyi və qələbə ab-havasına kökləndiyi bir vaxtda paraddan qayıdan Türkiyə heyətinin keçirdiyi qəza həm hərbi-təhlükəsizlik, həm Türkiyə-Azərbaycan birliyi, həm də Türkiyənin regional siyasəti müstəvisində dəyərləndirilə bilər”.
KONKRET.az xəbər verir ki, bu sözləri globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlilzadə deyib.
Siyasi şərhçi bildirib ki, 20 şəhid sadəcə Türkiyə hərbi sıralarından deyil, Azərbaycanın da canından ayrıldı:
“Həm xoş, həm çətin anlarında daima bir-birinin yanında olan iki dövlət tarixi sınaqlardan hər zaman üzüağ çıxıb. Prezident İlham Əliyev hadisədən sonra dərhal türkiyəli həmkarına və Türkiyə xalqına başsağlığı verdi. Bununla yanaşı Ankaranın regionumuzda artan rolunu qəbul etməyən qüvvələr var, onlar həmişə təxribat törətməyə fürsət axtarırlar. Xüsusilə Türkiyənin Xəzər akvatoriyasında artan hərbi-təhlükəsizlik fəaliyyəti, Cənubi Qafqazın Rusiya və İranın təsir dairəsindən çıxarılmasında enerji-nəqliyyat dəhlizləri siyasəti, həmçinin Fələstinin dövlətçiliyinin qorunması və Qəzzada hərbi varlığının yaradılması istiqamətində Türkiyənin (beynəlxalq missiya çərçivəsində) son addımları fonunda təxribat ehtimalı səsləndirilir. Qəzanın baş verməsində necə bir təhlükəsizlik boşluğunun olduğu da sual altındadır. Təyyarənin köhnə olması səbəbilə uçuş zamanı parçalanması, hərbi yüklər yerləşdirilərkən ehtiyatsızlıq ucbatından içdən zədələnmə nəticəsində qəzanın meydana gəlməsi, yoxsa kənar hücum nəticəsində hadisənin baş verdiyi dəqiq məlum deyil. Təbii olaraq, burada müxtəlif versiyalar var, lakin sahə tədqiqatlarının nəticələri açıqlanmadan bunların hər hansısa birinə köklənmək yalnız spekulyasiya doğura bilər”.
Ş.Cəlilzadə qeyd edib ki, qara qutu artıq tapılıb və kənar təsirlərin olub-olmadığı araşdırılacaq:
“İndiki halda bu hadisəni AZAL-ın qəzası ilə müqayisə etmək doğru olmaz. Çünki, Azərbaycan təyyarəsinin vurulması, Rusiya ilə Ukrayna arasındakı hava döyüşləri fonunda atəşə məruz qalması danılmaz faktdır və bunu Prezident Vladimir Putin də etiraf edib. Ümumilikdə isə dünyanın heç bir dövləti, hətta ən professional orduya malik ABŞ belə helikopter və ya təyyarə qəzalarından sığorta olunmayıb.
Məsələn, ABŞ-da sadəcə 2015-ci il müddətində 121 helikopter qəzası baş verib, bunlardan 17-si fatal nəticələrə malik olub. 2020-ci ilin yanvar ayı ərzində, yəni təkcə bir ayda dünyada hərbi təyinatlı 15 təyyarə və helikopter qəzaya uğrayıb. Həmçinin bu yaxınlarda Rusiya helikopteri də Xəzər üzərində qəza enişi etmişdi. Azərbaycanda 1995-ci ildən günümüzədək texniki nasazlıq səbəbilə ümumilikdə 9 helikopter və təyyarə qəzası baş verib. Bu qəzaların 5-i hərbi təlim-məşq uçuşları çərçivəsində meydana gəlib. Ən son Qaraheybət qəzasını xatırlamaq olar.
Bu hadisə də Laçının işğaldan azad olunmasının ildönümü ərəfəsində dərin ağrı və acı ilə yaddaşımıza həkk olunmuşdu. Nə 2021-ci ilin noyabrındakı qəza Azərbaycanı suverenliyini tam bərpa etməsinə mane olmadı, nə də 2025-ci ilin noyabrındakı qəza türk birliyini və onun artan imkanlarını yox etməyə qadir olmayacaqdır. Yaşanan acı hadisə Azərbaycan və Türkiyəni birlikdən və bərabər inşa etdikləri regional siyasətlərindən döndərməyə qadir deyildir”.
