44 günlük müharibədə Fransa Ermənistanın əvəzsiz silah təchizatçısına çevrilib – ƏTRAFLIbackend

44 günlük müharibədə Fransa Ermənistanın əvəzsiz silah təchizatçısına çevrilib - ƏTRAFLI

Fransanın prezidenti Emmanuel Makron 44 günlük Vətən müharibəsində  Ermənistanın Baş naziri Nikol Paşinyana sms-mesajlar göndərdiyini etiraf etməklə qatı ermənipərəst mövqeyini bir daha ortaya qoymuş oldu. Makronun təlaşı, Ermənistanı müdafiə etmək məqsədilə müxtəlif dövlət başçıları ilə təmasları, bəyanatları və açıqlamaları bir daha onu sübut edir ki, o, Dağlıq Qarabağ münaqişəsində ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkənin rəhbəri kimi üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə işğalçını dəstəkləyərək mövcud status-kvonun qorunub sağlanılmasına çalışıb.

Emmanuel Makronun sərgilədiyi ermənipərəst mövqeyi KONKRET.az-a şərh edən deputat Bəhruz Məhərrəmov bildirib ki, istər Vətən müharibəsindən öncə, istər 44 günlük savaşda, istərsə də üçtərəfli bəyanatın imzalanması ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasından sonra Fransa, daha dəqiq desək, bu dövlətin hakimiyyəti radikal pozucu diplomatik, habelə  bölgədə sülh və sabitlik üçün təhdid hesab edilə biləcək siyasi mövqe nümayiş etdirməkdədir:  “Ondan başlayaq ki, Fransa ATƏT-in Minsk qrupunun üzvü və həmsədri olaraq münaqişənin sülh yolu ilə nizamlanmasında fəaliyyətə başladığı gündən fəaliyyət imitasiyası ilə məşğul olub və danışıqlar yolu ilə problemin həllində sıfır nəticəyə görə ən çox məsuliyyət daşıyan dövlətdir. 1993-cü ildə BMT-nin müvafiq qətnamələrinin mətninə müdaxilədən tutmuş 2020-ci ilin oktyabrda BMT Təhlükəsizlik Şurasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hazırladıqları  və 7 ölkənin müdaxiləsi ilə geri götürməyə məcbur olduqları bəyanat layihəsinə qədər çoxsaylı faktlar mövcuddur ki,  Fransa özünü neytral tərəf yox, münaqişə tərəfi kimi aprmasını sübut edir. Xüsusən, Makron iqtidarının bölgəyə və regiondakı münaqişəyə antitürk və antislam platformasından yanaşması, münaqişənin etnik-dini zəmində təqdim edilməsi, onun şəxsən münaqişə ilə bağlı dezinformasiya yayması neytral qalmağa borclu olan Fransa adına utancdır.

Təbii ki, heç bir hal Azərbaycanı haqq yolundan döndürə bilməzdi, təzyiq və təsir cəhdlərinə baxmayaraq, Azərbaycan Prezidenti qətiyyət nümayiş etdirərək əks hücum əməliyyatlarını dayandırmadı, Ermənistanı təslimçi sülhə hərbi yolla vadar etdi. Bu gün və bundan sonra qüvvədə olan və dəyişməyəcək reallıq budur. Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır”, yaxud  “Yeni müharibə və ərazilər” bəyanatlarına, habelə Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı ermənilərin müharibəyə hazırlaşdığı barədə xəbərdarlığına tam hərəkətsizlik nümayiş etdirən Fransanın münaqişəyə son qoyulmasından sonra aktivləşməsi, daha doğrusu, düşmən ölkənin itirilmiş güc və nüfuunun, habelə stratus-kvonun bərpasına dair cəhdlərə başlayıb”.

Deputat vurğulayıb ki, Ermənistan diaspor təşkilatlarının böyük əksəriyyətinin terror kökənli olması artıq sirr deyil. Yaxud humanitar və sosial məqsədlərlə yaradılan əksər erməni təşkilatları sonradan mürtəce fəaliyyətlə məşğul olur: “Bu mənada son vaxtlar Makronun bu təşkilatların nümayəndələri ilə birbaşa təmasları, habelə  bölgəyə Fransa və Fransanın peyk dövlətlərinin vətəndaşlarının muzdlu kimi cəlb edilməsi bu ölkənin bölgəyə terrorçuların, qanunsuz muzdlu dəstələrin göndərilməsinə müxtəlif səviyyələrdə dəstək verilməsinin göstəricisidir. Muzdlu silahlı dəstələrin formalaşdırılması və fəaliyyətinin beynəlxalq cinayət hesab edilməsinə, bu ölkənin çoxsaylı vətəndaşının döyüşlərdə muzdlu kimi iştirakına baxmayaraq, bu günə qədər Fransada bir nəfər də olsun vətəndaşın Azərbaycana qarşı döyüşlərdə iştirakına görə cəzalandırılması halı mövcud deyil. Üstəlik, Fransanın Ermənistanı əvəzsiz silah təchizatçısı olmasına dair çoxsaylı dəlillər var, habelə bu silah transferinin qeydiyyatdan və beynəlxlaq nəzarətdən kənar ötürülməsi, heç bir hüquqi tənzimləmənin olmaması qadağan edilmiş silahların mənbələrindən birinin Fransa olması barədə ciddi ehtimallar yaradır.

Bütün bunların fonunda Makron hökumətinin bölgədə mövcud vəziyyətə müdaxilə cəhdi aşkar siyasi təcavüzdür. Lakin Makron Napoleon deyil, dünya da 19-cu əsrdə yaşamır. Fransa və Fransanın peyk dövlətlərinin təsirsiz parlament qətnamələrinin qəbul edilməsi, ayrı-ayrı mənasız bəyanatlar Fransanın gücsüzlüyü və carəsizliyini bir daha ortaya qoyur.

Üstəlik, Türkiyənin super hərbi gücə çevrilməsi Fransanın Yaxın Şərq və Şimali Afrikada, habelə Qafqazda gücsüz və nüfuzsuz dövlətə çevirməsi Makron hakimiyyətini və ümumilikdə rəsmi Parisin ciddi tarixi məğlubiyyətidir.  Bu mənada Makronun Ermənistan sevdası, terorrçularla nahar süfrələri, Paşinyanla SMS-ləşməsi vəziyyəti dəyişməyəcəyi kimi Fransanın özünün əleyhinə işləyən faktlardır və Fransanın BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olması reallığının dəyişməsinin vacibliyini göstərir”.

Nərgiz Mirzəyeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*