46 illik pedaqoji stajı olan Cəmil Zöhrab oğlu Abbasov Təhsil naziri Emin Əmrullayevə videomüraciət ünvanlayıb.
KONKRET.az-ın redaksiyasına daxil olan müraciətdə deyilir: “Mən Abbasov Cəmil Zöhrab oğlu 46 il Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəbdə tədris işləri üzrə direktor müavini işləmişəm. Əmək fəaliyyətim dövründə qazandığım uğurlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 oktyabr 2012-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı (qeyd edim ki, bu medala respublikada cəmi 8 müəllim layiq görülüb) və 03 oktyabr 2017-ci il tarixli 3269 nömrəli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Eyni zamanda, Təhsil Nazirliyinin 02 oktyabr 2008-ci il tarixli 11/533 nömrəli əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam.
Qeyd etmək istəyirəm ki, 2016-cı ildə yaş senzi ilə əlaqədar olaraq (65 yaşımda) əmək müqaviləmə xitam verilmişdir. Lakin həmin vaxt keçmiş təhsil naziri Ceyhun Bayramovun göstərişinə əsasən yenidən tutduğum vəzifəyə bərpa olunmuşam. Sonradan 01 sentyabr 2020-ci il tarixli R-895 nömrəli əmrə əsasən yenidən mənimlə bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Mən isə hesab edirəm ki, Əmək Məcəlləsinin 10-1 maddəsi, Nazirlər Kabinetinin 31 oktyabr 2011-ci il tarixli və Təhsil Nazirliyinin 15 iyul 2011-ci il tarixli 1404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlara əsasən mənimlə yenidən müqavilə bağlanması məqsədəuyğun hesab edilməlidir. Odur ki, sizdən yenidən tutduğum vəzifəyə deyil, hətta tərbiyəçi müəllim olaraq pedaqoji fəaliyyətimə qayıtmağımı təmin etməyinizi xahiş edirəm”.
Cəmil Abbasov redaksiyamıza ünvanladığı məktubda onu da bildirib ki, işinə bərpa edilməsi ilə əlaqədar Təhsil Nazirliyinə yazılı müraciət də edib. Və nazirlikdən ona çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddətinin uzadılmasının tabelik üzrə təhsili idarəetmə orqanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən həyata keçirilməli olduğu bildirilib.
Qeyd edək ki, redaksiyamız C.Abbasovun müraciətinə uyğun olaraq məktəbin direktoru Mehman Əliyevlə əlaqə saxlayıb. M.Əliyev isə öz növbəsində bu işin onun səlahiyyətində olmadığını deyərək, 65 yaşdan yuxarı əmək müqaviləsinin uzadılmasına Təhsil Nazirliyinin qərar verdiyini bildirib. Odur ki, C.Abbasov məsələni Təhsil naziri Emin Əmrullayevin nəzarətə götürməsini və AR Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerləşdirilməsi Qaydalarının 2.4-cü maddəsinə (çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasınınhəqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma məkanının razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər) uyğun olaraq qanuni həllinə göstəriş verməsini xahiş edir.
Sevinc Paşayeva,
KONKRET.az