2024-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət qurumlarının informasiya resurslarına “AzStateNet” şəbəkəsi üzrə 814,370,000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4,480,400 zərərverici, həmçinin “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195,082 zərərverici tərkibli elektron sənəd blok edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə ötən il ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 100 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.
2024-ci il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən kiberhücumların analizi nəticəsində 1,069 kiberhücum indikatoru müəyyən edilib.
Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanıb və xüsusi hədəflənmiş APT kiberhücumlarının qarşısı alınıb. Bu kibertəhdidlərin 550-si Xidmətin apardığı monitorinq nəticəsində, 520-si isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.
Sözügedən dövr ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 30,255,757 elektron poçt emal edilib ki, onlardan 28,142,767-si istifadəçilərə çatdırılıb, 2,112,990-ı zərərli tərkibli olması müəyyənləşdirilməklə blok edilib.
2024-cü il ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit yoxlamaları və monitorinq nəticəsində dövlət qurumlarının 857 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
Müqayisə üçün qeyd edilib ki, 2023-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 553 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək aradan qaldırılması təmin edilib.