Avropa Birliyi monitorinq missiyasının nümayəndələri şərti dövlət sərhədinin Laçın istiqamətində texniki müşahidə kameraları tərəfindən qeydə alınıb.
KONKRET.az xəbər verir ki, mayın 15-i saat 14:20-də Laçın rayonu Ağbulaq yaşayış məntəqəsinin qarşısında Ermənistanın Şaybalı yaşayış məntəqəsinə AB-yə məxsus 1 ədəd UAZ-Patriot, 2 ədəd Toyota Land Cruiser-LX markalı avtomobillərlə 6 nəfər heyətin gəlməsi, saat 14:30-da Ərəvus yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqeyi istiqamətində isə 1 ədəd UAZ-Patriot və 1 ədəd “Mersedes” markalı avtomobildə 3 nəfər mülki şəxsin gələrək ərazidə fotoçəkilişlər aparması və saat 14:40-da avtomobillərin şəxsi heyətlə geri qayıtması bölmələrimizin texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.
Ermənistan ordusu bölmələrinin təxribatlarının intensivləşməsi onu göstərir ki, Avropa Birliyinin monitorinq missiyasının keçirdiyi “uğurlu monitorinqlərin” məqsədi vəziyyəti öyrənmək yox, bölmələrimizlə bağlı kəşfiyyat məlumatlarının əldə edilməsi və Ermənistan tərəfinə bu sahədə töhfələr verməkdir.
Dediklərimizi təsdiq edən amil odur ki, Azərbaycan mediası tərəfindən erməni hərbçilərinin təxribatlarını və təhrikedici hərəkətlərini nümayiş edən foto-videoların yayılmasına baxmayaraq, missiya nümayəndələri nədənsə həmin istiqamətdə görünmür, “monitorinqlər” keçirmirlər.