
Dünən Bakıda Atatürk Mərkəzində Türk Akademiyasının təşəbbüsü və nəşri ilə hazırlanmış Muxtar Auezovun “Abay” romanının Azərbaycan türkcəsində latın qrafikası ilə yenidən nəşr olunmuş variantının təntənəli təqdimat mərasimi keçirilib. Bu xüsusi nəşr, böyük qazax mütəfəkkiri və ziyalısı Abay Kunanbayulunun anadan olmasının 180 illiyi münasibətilə hazırlanıb.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu xəbər verir ki, tədbirin açılışında çıxış edən Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bu nəşrin yalnız əsərin bədii gücünü yenidən önə çıxarmaqla kifayətlənmədiyini, eyni zamanda Qazaxıstan ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsinə də töhfə verdiyini bildirib.
Roman ilk dəfə 1954-cü ildə Eyüb Abbasov tərəfindən rusca tərcümədən Azərbaycan türkcəsinə çevrilib. Lakin həmin vaxtdan keçən 70 ildən artıq müddət ərzində əsər yenidən nəşr olunmayıb və geniş Azərbaycan oxucu kütləsi üçün əlçatan olmayıb.
Yeni nəşrdə əsər kiril qrafikasından latın əlifbasına köçürülüb, müasir ədəbi dilin normalarına uyğunlaşdırılaraq xüsusilə gənc nəsil oxucular üçün daha anlaşılan və əlçatan formada təqdim olunub.
Akademik Mustafayev layihənin redaktoru Fərid Hüseyn başda olmaqla əməyi keçən hər kəsə təşəkkür edib. “Abay” romanının bu formatda nəşr olunmasının yalnız ədəbi hadisə deyil, həm də mədəni yaddaşa ehtiram və ortaq mənəvi irsə sahib çıxmaq mənası daşıdığını vurğulayan Mustafayev, Akademiyanın Türk xalqlarının mədəni və mənəvi irsinin araşdırılması və tanıdılması istiqamətində geniş fəaliyyətlərini davam etdirəcəyini bildirib.
Təqdimat proqramı Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, Azərbaycan Milli Məclisinin millət vəkilləri, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, TÜRKPA-nın baş katibi Mehmet Süreyya Er, Türk Mədəniyyəti və İrsi Fondunun ofis rəhbəri Fəxri Hacıyev, eləcə də akademik dairələr, ədəbiyyat ictimaiyyəti və təhsil dünyasının nümayəndələrinin geniş iştirakı ilə baş tutub.
İldırım Musayev
KONKRET.az