Abdullah Öcalan azadlığa buraxılır? – Mühüm gəlişməbackend

Abdullah Öcalan azadlığa buraxılır? - Mühüm gəlişmə

PKK-nın “qurucu lideri” Abdullah Öcalanın çağırışı ilə özünü ləğv etmək və silahı yerə qoymaqla bağlı qərarı may ayının 12-sində açıqlandı. Bu, özlüyündə mühüm tarixi və siyasi əhəmiyyət daşıyır. Ancaq qərarın icrası ilə bağlı prosedurlar davam edir.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, PKK-nın silahsızlaşması prosesi ötən il oktyabrın 22-də Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Türkiyə Böyük Millət Məclisindəki çıxışı ilə başlanmışdı.

Baxçalı nitqində Öcalandan PKK-nın ləğv edilməsini tələb etmiş və bu tələb yerinə yetirildikdən sonra parlamentdə “Ümid hüquq”u ilə bağlı lazımi qanunverici bazanın formalaşdırılacağından danışmışdı. Partiya sədri bu ifadələrlə Öcalanın azadlığa buraxılmasını nəzərdə tuturdu.

PKK terror təşkilatının qurucu lideri və faktiki rəhbəri olan Abdullah Öcalan 1999-cu ildə edam cəzasına məhkum edilmiş, sonradan isə onun cəzası ağırlaşdırılmış ömürlük həbs cəzasına çevrilmişdi. Türkiyə qanunvericiliyi ağırlaşdırılmış ömürlük həbs cəzası alan məhbusların azadlığa buraxılmasını nəzərdə tutmur. Ancaq bunun üçün iki istisna mövcuddur. Birincisi, Türkiyə Prezidenti konstitusiyanın ona verdiyi əfv hüququndan istifadə edə bilər. Bu ehtimal siyasi baxımdan olduqca zəif görünür. Digər variant isə parlament üzvlərinin beşdə üçünün səsi ilə amnistiya elan olunması ilə mümkündür.

Terrorun ləğvi və sülh yaradılması prosesinin memarının Dövlət Baxçalı olduğunu nəzərə aldıqda Öcalanın azadlığa buraxılmasında da onun 22 oktyabr çıxışının rəhbər tutulacağı düşünülür. Söhbət parlamentdə ümumi ya da xüsusi amnistiyanın elan edilməsindən gedir.

PKK-nın siyasi qanadı olan DEM Partiyası Baxçalının çıxışından sonra ağırlaşdırılmış ömürlük həbs cəzası alan şəxslərə 25 ildən sonra azadlığa çıxmaq imkanı verən qanun dəyişikliyi barədə təklifi parlamentə təqdim edib. Bu təklif parlamentdən keçdiyi halda Öcalana azadlıq yolu açıla bilər.

Yuxarıda qeyd olunduğu kimi amnistiya elan edilməsi üçün parlament üzvlərinin beşdə üçünün səsi tələb olunur. Parlamentdə 600 deputat olduğu nəzərə alınarsa, amnistiya üçün 360 səs tələb olunur. AKP-MHP blokuna DEM partiyanın qoşulması halında bu beşdə üç səs çoxluğunu əldə etmək mümkündür.

Göründüyü kimi, məsələnin hüquqi həlli çətin olsa da, mümkünsüz deyil. Ancaq söz siyasətindir və siyasi proseslərin gedişatı Öcalanın taleyini həll edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*