Abituriyentlərə ixtisas seçimi ilə bağlı XƏBƏRDARLIQbackend

Abituriyentlərə ixtisas seçimi ilə bağlı XƏBƏRDARLIQ

Bir müddət öncə, adı açıqlanmayan beynəlxalq araşdırma şirkətinin qarşıdakı illərdə hansı ixtisasların daha populyar olacağı barədə apardığı araşdırmanın nəticələrini təqdim etmişdik. Siyahıda 2025-ci il üçün ən perspektivli hesab olunan 20 ixtisas yer almışdı. Onların arasında müasir dünyanın tələbləri ilə ayaqlaşan ixtisaslar, əsasən də İKT daha üstünlük təşkil edirdi.

Maraqlıdır, ölkəmizdəki ali təhsil almaq istəyənlər, həmçinin təhsil alanlar daha çox hansı peşələrə üstünlük verir? Yeni dünyanın tələbləri bizdə təhsilalanların da ixtisas seçiminə təsir edirmi? Həmçinin ölkəmizdə müasir peşələr üzrə təhsil hansı səviyyədədir?

KONKRET.az xəbər verir ki, bu suallara təhsil eksperti Elçin Əfəndi aydınlıq gətirib.

Ekspertin sözlərinə görə, ixtisaslar hər zaman əmək bazarındakı tələbat əsasında formalaşır: “Hazırda da tələbat olan ixtisaslar üzrə qəbul aparılır. Amma təəssüf ki, qəbulda artıq ciddi tələbat olmayan bir sıra ixtisaslar da mövcuddur. Bununla yanaşı yeni yaradılmış ixtisaslar da var. Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub. Həmin qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb”.

E.Əfədi yeni yaradılmış ixtisasların bir qismini də xatırladıb: “I ixtisas qrupu üzrə: Sərhəd təhlükəsizliyi və idarəetmə, elektrik və elektronika mühəndisliyi, geologiya və geofizika mühəndisliyi, geomatika və geodeziya mühəndisliyi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, kommunikasiya sistemləri mühəndisliyi, mühəndis fizikası, radiotexnika və telekommunikasiya mühəndisliyi, zoomühəndislik və hərbi rabitə vasitələri mühəndisliyidir. II ixtisas qrupu üzrə: veynəlxalq ticarət və logistika , turizm bələdçiliyi; III ixtisas qrupu üzrə: İctimai təhlükəsizlik və idarəetmə; IV ixtisas qrupu üzrə: Tibb, tibb bacısı işi, hərbi tibb, ictimai səhiyyə, biotexnologiya və fizioterapiya və tibbi reabilitasiya ixtisaslarıdır”.

Müsahibimiz vurğulayıb ki, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir: “Bütün bunlar onu deməyə əsas verir ki, pandemiya dövründə ixtisaslarla bağlı əlavə dəyişikliyə ehtiyac qalmır. İxtisas seçimi zamanı abituriyentlərə və onların valideynlərinə tövsiyə edirəm ki, yalnız perspektiv vəd edən ixtisaslara üstünlük versinlər. Gələcəkdə karyera qurmaq üçün, eləcə də əmək bazarında tələbatı çox olan ixtisaslara üz tutsunlar, o ixtisaslar üzrə seçim etsinlər. Seçim edərkən də diqqətli olmaları gərəkir. Yaxşı olar ki, ixtisas seçimində peşəkar şəxsdən məsləhət alsınlar”.

E.Əfəndi də düşünür ki, növbəti il üçün ixtisaslarda ciddi şəkildə dəyişikliklər olmalı və yeni yaradılmış ixtisaslar ölkəmizdə faəliyyət göstərən ali təhsil müəssisələrində və eləcə də bəziləri üzrə orta ixtisas təhsil müəssisələrində kadr hazırlığı başladılmalıdır: “Dünya ölkələrində demək olar ki, bir çox ixtisaslar informasiya texnologiyaları ilə bağlıdır. Bizdə də bu sahədə ixtisaslar var. Amma qarşıdakı vaxt üçün əmək bazarında əsasən, aşağıdakı ixtisaslara tələbat olacaq:

İnformasiya təhlükəsizliyi

İnformasiya texnologiyaları

Sistem mühəndisliyi

Kompüter mühəndisliyi

Kompüter oyunları mühəndisliyi

Nanotexnologiya mühəndisliyi

Kosmik texnologiya mühəndisliyi

Robot koordinatoru mühəndisliyi

Süni-intellekt mühəndisliyi

3D printer mühəndisliyi

Digital marketinq mühəndisliyi

İqtisadi informasiya mühəndiliyi

Biotibbi texnologiya mühəndisliyi

 

Beyin cərrahı mühəndisliyi

Biomedikal mühəndislik

Səhiyyə informasiyası

İctimai səhiyyə

İnformasiya sahəsi üzrə hüquqşünas

Media və informasiya mühəndisliyi

Ekologiya mühəndisliyi.

Və bunu bütün valideynlər, abituriyentlər nəzərə almalıdırlar. Qeyd edim ki, bu ixtisaslardan artıq bir neçəsi ölkəmizdə yaradılmışdır və kadrlar hazırlanır”.

Dominant.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*