Yaxın Şərqdə müharibə ritorikası daha da kəskinləşib. Times of Israel nəşrinin məlumatına görə, Təl-Əviv ABŞ administrasiyasının yaxın 24-48 saat ərzində İrana birbaşa zərbələrə qoşulması ilə bağlı qərar verəcəyini gözləyir. İddialara əsasən, bu qərarın Cümə günü (20 iyun) verilməsi ehtimalı yüksəkdir.
KONKRET.az-ın Musavat.coma istinadən verdiyi məlumata görə, ABŞ-ın planlaşdırdığı hava əməliyyatının əsas hədəfi İranın nüvə obyektləri olacaq. Xüsusilə Fordo uranın zənginləşdirilməsi kompleksi ön plandadır – çünki İsrailin bu obyektə müstəqil şəkildə zərbə endirmə imkanı yoxdur. ABŞ isə bu hərbi əməliyyatı texniki baxımdan reallaşdıra biləcək yeganə dövlətdir.
Ağ Evdən sızan məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp yaxın iki həftə ərzində İrana qarşı mümkün hərbi əməliyyat barədə rəsmi qərar verə bilər. Lakin Musavat.com-un əldə etdiyi məlumatlara görə, “qərar artıq verilib” və Cümə günü (Bakıda artıq saatlar Şənbəni göstərəndə) ABŞ-ın bombardmanlara qoşulması ehtimalı istisna edilmir.
Hücumun məhz Cümə gününün axşamına planlaşdırılması da təsadüfi deyil. Burjalar bağlanır, qlobal dalğalanmalar, ya da eniş – çıxışlar üçün iki gün zaman qazanılır.
İran rəhbərliyinə qarşı hədəflər: Əli Xamenei də risk altında?
ABŞ-İsrail cütlüyünün mümkün zərbələri təkcə nüvə obyektləri ilə məhdudlaşmaya bilər. Musavat.com-a danışan yüksək rütbəli təhlükəsizlik mənbələri “İranın siyasi-hərbi rəhbərliyinin fiziki hədəfə çevrilməsi” ssenarisinin də gündəmdə olduğunu istisna etmir. Bu, İranın ali dini lideri Əli Xameneiyə və ya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyinə qarşı mümkün əməliyyat riskini artırır.
Tehran isə bu ssenarilərə tam hazır olduqlarını bildirir. İranın Ali Milli Təhlükəsizlik Şurası ötən gün açıqlama yayaraq bəyan edib ki, “düşmən cəzalandırılana və təzminat ödənilənə qədər cavab tədbirləri davam edəcək”. Bu isə o deməkdir ki, Tehran mümkün ABŞ zərbələrinə cavabsız qalmayacaq və bölgədə gərginlik nəzarətdən çıxmaq üzrədir.
Növbəti 72 saat: Müharibə və ya önləmə?
Ortada açıq və təhlükəli bir reallıq var: əgər ABŞ yaxın 72 saat ərzində hücuma keçərsə, bu, artıq regional qarşıdurmadan çıxaraq qlobal böhrana çevriləcək. İranın cavab addımı təkcə İsraili deyil, ABŞ-ın regiondakı hərbi bazalarını, eləcə də Körfəz ölkələrini hədəfə ala bilər.
Bütün bu ehtimallar fonunda 20 iyun Cümə gününün axşam saatları təkcə İran üçün yox, bütün dünya üçün kritik dönüm nöqtəsi ola bilər. Vəziyyəti yaxın saatlarda dünya liderlərinin verdiyi açıqlamalar və regional hərbi aktivlik daha da aydınlaşdıracaq.