ABŞ-da hökumətin fəaliyyətinin qismən dayandırılması (“şatdaun”) artıq bir həftədən çoxdur davam edir və prosesin ən azı bir gün də uzanacağı gözlənilir.
KONKRET.az xəbər verir ki, senatda keçirilən səsvermələr zamanı nə respublikaçıların, nə də demokratların təklif etdiyi büdcə qanun layihələri kifayət qədər səs toplaya bilməyib.
Növbəti səsvermənin cümə axşamı baş tutacağı ehtimal edilir.
Razılaşmanın əldə olunmamasının əsas səbəbi bir sıra xərclər üzərində fikir ayrılığıdır. Əsas mübahisə sahəsi səhiyyə sektorudur. Demokratlar azgəlirli amerikalıların tibbi sığorta almasını asanlaşdıran dövlət subsidiyalarının saxlanılmasını tələb edirlər. Respublikaçılar isə bu təkliflə razı deyil. Tərəflər bir-birini “şatdaun”u siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.
Qeyd edək ki, hökumət “şatdaunu” 1 oktyabrda, ABŞ-da yeni maliyyə ilinin başlanması ilə rəsmi olaraq qüvvəyə minib. O vaxtdan etibarən bir sıra dövlət qurumlarının fəaliyyəti dayandırılıb, yüz minlərlə federal işçi ödənişsiz məzuniyyətə göndərilib. Lakin insan həyatının və dövlət mülkiyyətinin qorunması ilə bağlı qurumlar fəaliyyətini davam etdirir.
ABŞ prezidenti Donald Tramp bazar ertəsi Demokrat Partiya nümayəndələri ilə aparılan danışıqlarda irəliləyiş əldə olunduğunu bildirib. O, həmçinin “Truth Social” platformasında paylaşım edərək “demokratlarla bütün məsələlərdə, o cümlədən səhiyyə xərcləri ilə bağlı işləməyə hazır” olduğunu qeyd edib və qarşı tərəfi hökumətin tam fəaliyyətinin bərpasına imkan verəcək qanun layihəsini dərhal qəbul etməyə çağırıb.
Müşviq Tofiqoğlu
KONKRET.az