“ABŞ ordusunun İrana qarşı həftələrlə davam edə biləcək əməliyyata hazırlaşması ilə bağlı məlumatlar, ilk növbədə psixoloji və strateji təzyiq kontekstində oxunmalıdır. Vaşinqton üçün belə sızmalar təkcə hərbi hazırlığın göstəricisi deyil, həm də İran üzərində diplomatik manevr sahəsini daraltmaq vasitəsidir”.
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.

“ABŞ adətən real hərbi addımdan əvvəl uzunmüddətli informasiya fonu yaradır, qarşı tərəfi qeyri-müəyyənlik içində saxlayır və daxili iqtisadi-siyasi təzyiqləri artırır. Bu baxımdan “nə vaxt” sualından daha çox “hansı şərtlər daxilində” sualı önə çıxır. Əgər Tehran danışıqlarda vaxt udmaq strategiyasını davam etdirərsə və ya regionda ABŞ maraqlarına toxunan addımlar atılarsa, hərbi ssenari aktiv gündəmə keçə bilər”.
Politoloq qeyd edir ki, digər tərəfdən, belə bir əməliyyatın dərhal baş verməsi də qaçılmaz görünmür.
Amerika Birləşmiş Ştatları üçün İranla birbaşa və uzunmüddətli hərbi qarşıdurma regional sabitliyi ciddi şəkildə sarsıda, enerji bazarlarını silkələyə və yeni, nəzarətdən çıxan proseslər yarada bilər. Bu səbəbdən Vaşinqton adətən son ana qədər siyasi və diplomatik alətləri işə salmağa çalışır. Real əməliyyat ehtimalı isə daha çox hansısa kəskin təxribat, regional eskalasiya və ya danışıqların tam dalana dirənməsi fonunda aktuallaşa bilər. Yəni məsələ gün və ya həftə ilə deyil, siyasi-hərbi konfiqurasiyanın necə dəyişəcəyi ilə ölçülür”.
Aynurə İsmayıl
KONKRET.az
