Fərid Şəfiyev: “Qəbul olunan qətnamələrin əksəriyyətinin icra mexanizmləri mövcud deyil”
KONKRET.az xəbər verir ki, bu gün ermənilər ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəsinə, Azərbaycan əleyhinə 1165 saylı qətnamə çıxaracaqlar. Qətnamənin hazırlanmasına ABŞ Konqresinin erməni qrupunun həmsədri Kaliforniyadan olan erməni əsilli deputat Karen Lorrayn Jakie Speyer rəhbərlik edir.
Qeyd edək ki, bu deputat qondarma “erməni soyqırımı” aktının sponsorlarından biri olub. Speyer təqdim edəcəyi 1165 saylı qətnaməyə Nümayəndələr Palatasının 46 üzvündən dəstək imzası ala bilib. Müzakirənin nəticəsi Bakı vaxtı ilə oktyabrın 6-dan 7-nə keçən gecə saatlarında məlum olacaq.
Belə həssas dönəmdə, yəni, Azərbaycan Dağlıq Qarabağın azadlığı uğrunda Ermənistanla müharibə apardığı dönəmdə, sözügedən qətnamə qəbul olunarsa, bu, ölkəmiz üçün hansı təsirləri göstərəcək? AYNA-nın sualına cavab verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri, politoloq Fərid Şəfiyev hesab edir ki, biz indiki mərhələdə hansısa bəyanatlardan, qəbul olunacaq qətnamələrdən qorxmamalıyıq.
“ABŞ Konqresində bəzi qətnamələr deklorativ xarakter daşıyır. Qəbul olunan qətnamələrin əksəriyyətinin icra mexanizmləri yoxdur. İcra mexanizmi olanda da bu, Ağ Evdən keçməlidir, ABŞ Prezidenti tərəfindən təsdiqlənməlidir. Yəni, qəbul edilməsi uzun zaman alır. Məsələn, keçən ilin sentyabr ayında Azərbaycan əleyhinə belə bir sənəd qəbul edilmişdi. Amma heç bir əhəmiyyət kəsb etmədi”, – o bildirib.
Politoloqun sözlərinə görə, Kaliforniyanı təmsil edən deputatlar var, hansılar ki, onların təmsil etdiyi yerlərdə erməni lobbisi var: “Ermənilər çoxdurlar, onlar mütəmadi olaraq ölkəmiz əleyhinə qətnamələr hazırlayırlar, bunun ABŞ Konqresindən keçməsinə çalışırlar. Həmin siyasətçilərin məqsədi həm erməni seçicilərinin səsini qorumaqdır, həm də lobbidən maliyyə almaq. Seçki kampaniyalarında ermənilər konqresmenlərə, senatorlara müəyyən ianələr edirlər. Əsas məsələ odur ki, Azərbaycan Ordusu öz işini görsün, ərazilərimizi işğaldan azad etsin. Bundan sonra təbii ki, qətnamələr də, bəyanatlar da çox olacaq. Buna əhəmiyyət verməməliyik”.
Şəfiyevin fikrincə, indi ABŞ-ın da, ABŞ Prezidentinin də başı öz daxili işlərinə qarışıb: “Gələn ay ABŞ-da prezident seçkiləri keçiriləcək. Hazırda qızğın seçki prosesi gedir. Seçkilərdən sonra əgər hazırkı Prezident Donald Tramp yox, Demokratlar Partiyasının namizədi Co Bayden qalib gələrsə, o zaman onun inaqurasiya mərasiminin keçirilməsi yanvar ayına kimi uzanacaq. Yəni, 2-3 ay müddətində ABŞ Cənubi Qafqaz regionuna, nəinki Cənubi Qafqaza, digər regionlardakı proseslərə yaxından diqqət göstərməyəcək”.
“Digər yandan, yenə də hesab edirəm ki, qətnamə qəbulunun, hansısa bəyanatların əhəmiyyəti yoxdur. Əsas odur ki, Azərbaycan beynəlxalq hüquq müstəvisində tanınan ərazi bütövlüyünü bərpa etmək üçün, işğala son qoymaq üçün öz ərazilərində hərbi əməliyyatlar keçirir, ərazilərini terrorçudan təmizləyir. Erməni əsilli ABŞ deputatının qətnamə qəbul etdirməsi, yaxud da hansısa ermənipərəst senatorun əleyhimizə bəyanat səsləndirməsinin heç bir əhəmiyyəti yoxdur”, – BMTM rəhbəri vurğulayıb.