ABŞ nümayəndəsinin Bakı səfərinin pərdəarxası – Nələr müzakirə olunub?backend

ABŞ nümayəndəsinin Bakı səfərinin pərdəarxası - Nələr müzakirə olunub?

Xəbər verdiyimiz kimi, dünən ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Prior Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Tərəflər arasında Azərbaycan-ABŞ əlaqələri və təhlükəsizlik məsələləri müzakirə edilib.

Görəsən, qapalı qapılar arxasında daha hansı məqamlar müzakirə mövzusu olub?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Patrik Priorun Bakı səfərinin ciddi maraq doğurduğunu qeyd edib:

“ABŞ-nin yüksəkvəzifəli nümayəndəsinin ölkəmizə səfəri ciddi maraq doğurur. Nəzərə almaq lazımdır ki, müxtəlif dövrlərdə iki ölkə arasındakı münasibətlər heç də rəvan olmayıb. Qarşı tərəfdən qərəzli yanaşmanın şahidi olurduq. ABŞ-Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri diqqəti cəlb edir və ölkəmizin işğalda olan torpaqları azad etməsi regionda təhlükəsizliyə töhfə kimi qiymətləndirilir. Lakin vurğuladığım kimi, bir sıra hallarda özümüzə qarşı əks-münasbətin şahidi oluruq”.

Ekspert səfərin gizli motivlərinin də ola biləcəyini istisna etməyib:

“ABŞ rəsmisinin səfəri regional təhlükəsizlik sisteminin güclənməsi istiqamətində önəmlidir. Həmçinin sözügedən görüşün gizli motivləri də ola bilər. Düşünürəm ki, sülhün əldə edilməsi istiqamətində nələrsə müzakirə olunub. Düzdür, Birləşmiş Ştatlar Azərbaycan-Ermənistan arasındakı ikitərəfli müzakirələri dəstəkləyir. Lakin onlar konstruktivlik baxımından erməni tərəfinə təzyiq etməlidirlər. Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı mövqeyi dəstələnməlidir. Bizim tələbimiz aydındır – ATƏT-in Minsk qrupu buraxılsın və Ermənistan konstitusiyasında sülhə mane olacaq maddələr dəyişdirilsin”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*