ABŞ prezidenti erməniləri sevindirəcək, yoxsa… – İrəvanın diqqəti Ağ Evdəbackend

ABŞ prezidenti erməniləri sevindirəcək, yoxsa… - İrəvanın diqqəti Ağ Evdə

Ermənistan hətta pandemiya fəlakətindən necə qurtulacağını anlamadığı halda belə, saxta “soyqırım” iddialarından əl çəkmir. Ermənistanın baş naziri Nikol Paşinyan COVİD-19 virusunun ölkəboyu yayılması səbəbindən 24 apreldə “soyqırım” abidəsini geniş ictimaiyyətin ziyarət edə bilməyəcəyini, sadəcə rəsmilərin iştirakı ilə tədbir keçiriləcəyini bildirib.

Nə qədər gülməli də olsa, indi erməniləri qayğılandıran təkcə koronovirusdan xilas olmağın yollarının tapılıb-tapılmayacağı deyil, həm də ABŞ prezidenti Donald Trampın 24 aprel müraciətində “soyqırım” ifadəsini işlədib-işlətməyəcəyidir. Əslində bu, bir millətin, bir toplumun, bir ölkənin fəlakətidir. Bir neçə il əvvəl ABŞ-ın prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bölgəyə səfəri çərçivəsində İrəvanda olarkən Ermənistanı tarixi şablonlardan imtina etməyə, Türkiyə və Azərbaycanla münasibətləri normallaşdrmağa çağırmışdı. Həmçinin ABŞ prezidenti də N.Paşinyana ünvanlandığı məktubunda qonşularla münasibətlərini normallaşdırmaqla bağlı məsləhətini əsirgəməmişdi.

Lakin görünür ABŞ Konqresinin anti-Türk qərarı erməniləri həvəsləndirib. Bu qərardan sonra məlum oldu ki, Tramp hökuməti 1915 hadisələrini “soyqırım” adlandırmış ABŞ Konqresinin qərarı ilə razılaşmadığını, ABŞ Prezidenti Donald Tramp-ın “böyük qırğın” qiymətləndirməsinin hələ də etibarlı olduğunu açıqlayıb. 2019-cu il dekabrın 12-də ABŞ Konqresinin yuxarı palatası – Senat 1915-ci il hadisələrini “soyqırım” kimi tanıyan bir qanun layihəsini yekdilliklə təsdiqləyib.

Nümayəndələr Palatası da 29 oktyabrda oxşar qətnamə qəbul edib. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus yazılı bəyanatında “Senatın məsələ ilə bağlı qərarının rəhbərliyin mövqeyini dəyişmədiyini” bildirib. “Düşüncələrimiz prezidentin apreldəki məsələ ilə bağlı açıqlamasında öz əksini aşkar şəkildə tapıb”, o deyib.

Bundan öncə ABŞ Prezidenti Donald Tramp 24 aprel 1915-ci il hadisələrinin ildönümündə verdiyi mesajda “böyük qırğın” mənasını verən “Meds Yeghern” ifadəsini istifadə edib. ABŞ Senatının 1915-ci il hadisələrini “erməni soyqırımı” olaraq tanıyan qərar qəbul etməsindən sonra dövlət başçısı Rəcəb Tayyip Ərdoğan qərarın “siyasi” olduğunu və Türkiyənin bu qərarı qəbul etmədiyini açıqlamışdı və sərt təpki vermişdi.

Bundan sonra iki məclisdən keçmiş mətnlərin bir-birinə uyğunlaşdırılması və ABŞ rəhbəri Trampa təqdim olunacağı gözlənilir. Tramp qətnaməni dəstəkləsə, ABŞ “erməni soyqırımı”nı tanıyacaq. Əgər ABŞ Prezidenti qətnaməyə veto tətbiq etsə, Konqresin iki qanadından üçdə ikisinin səsverməsi ilə qanun layihəsi yenidən Trampa göndərilə bilər. Bundan öncə ABŞ prezidenti olmuş Barak Obama da seçki kampaniyası ərzində 1915 hadisələrinin “soyqırım” kimi tanıyacağını desə də, prezident olduğu dövrdə bundan çəkinib.

Bəs, bu dəfəki “ildönüm” şousunda nə baş verəcək? Türkiyə hətta İrəvanın koronovirusla mübarizə üçün etdiyi müraciət xahişinə müsbət qarşılıq verdiyi halda, ABŞ saxta “soyqırım”ı tirajlayanların yanında olacaqmı?

Politoloq Hikmət Hacızadə hesab edir ki, ABŞ-ın mövqeyindən dəyişiklik olmayacaq: “Düşünürəm ki, Tramp da ənənəvi olaraq “genosid” sözünü işlətməyəcək. Onun əvəzinə – “böyük faciə” sözünü işlədəcək.

Bəs, pandemiyadan sonra ermənilərin kiflənmiş iddialarına baxış dəyişəcəkmi dünyada? Erməni lobbisi yenə də ənənəvi mövqedə olacaq, yoxsa aktuallığını itirəcək?

H.Hacızadə suala konkret cavab verdi: “Yox, onlar dəyişən deyil. Onları dəyişdirən gərəkdir!”

Politoloq Tofiq Abbasov isə bildirib ki, saxta “soyqırım” məsələsi Qərb dünyası tərəfindən həmişə gündəmdə saxlanılacaq. Çünki bu, Türkiyəyə, eləcə də Türk birliyinə, Türk dünyasına təsir və təzyiq vasitəsidir. Biz vaxtaşırı görürük ki, Qərb liderləri bu məsələ ilə il şıdırğı alverə girişirlər. Onlar bu məsələdən sui-istifadə edirlər, onu tirajlamaqla çalışırlar ki, Türkiyəni və Türkiyəyə yaxın olan qardaş dövlətləri öz siyasətlərinin forvatrında aparsınlar. Ancaq biz dünyada son dərəcədə vacib dəyişikliklərin, transfarmasiyaların şahidi oluruq. Görürük ki, ümumiyyətlə, qüvvələr nisbəti dəyişir. Türk dünyası da 10-20 il əvvəlki dünya deyil, o da kifayət qədər böyük irəliləyişlər əldə edib. Türk dünyası artıq öz sözünü qətiyyətlə deyə bilir”.

Bu mənada T.Abbasov hesab edir ki, bu dəfə də ABŞ prezidenti, digər Qərb liderləri növbətçi rejimdə, tərzdə münasibət bildirəcəklər, amma “soyqırım” ifadəsini işlətmədən: “Bu, onlar üçün lazımdır. Həm də ona görə ki, ABŞ-da, Avropa ölkələrində erməni icmaları var. Onlar istənilən seçki kampaniyalarına təsir edirlər, onların da səsi son dərəcədə vacibdir. Bu baxımdan hesab edirəm ki, məsələ bir o qədər də vacib əhəmiyyət kəsb etmir. Çünki qeyd olunduğu kimi, Türk dünyasının özünün də iddiaları var, bizim də öz tələblərimiz var, onlar da aktual gündəliyə harmonik şəkildə, üzvü şəkildə oturuşurlar”.

Ermənistanın Qərbə bağladığı ümidlərinə gəldikdə, politoloq qeyd etdi ki, işğalçı ölkə 1915-ci ildən bəri ümidlərini qüvvədə saxlayır: “Lakin vaxt ötdükcə bu ümidlər puça çıxır. Çünki birincisi, tarixdə belə bir soyqırım olmayıb, digər tərəfdən, Ermənistan arxivləri açıqlamaqdan yayınır. Bu, bir daha onu göstərir ki, bütün bu soyqırım kampaniyası qondarmadır və onun kökündə dayanan miflər, iftiralardır. Bununla erməni elitası siyasi alverə qatılıb. Ona görə də elə başa düşürəm ki, bu ümidlər artıq öz dəyərini itirib. Yaxşı olar ki, erməni xalqı artıq qonşuluq siyasətinə üz tutsun, alverçi xisləti ilə vidalaşsın  və qonşuluq siyasətinə üz tutsun. Biz pandemiya dövründə bir daha görürük ki, Ermənistan ağır vəziyyətdə yaşayır, Türkiyə hətta onlara köməklik də edir. Bu da həm bir mesaj, həm imkan, həm də bağlayıcı bir xətdir ki, ermənilər artıq özlərinin dağıdıcı, qeyri-konstruktiv siyasətlərindən uzaqlaşsınlar və qonşuluq məfkurəsinə, sülhsevər siyasətə üz tutsunlar. Yəni bu, alternativi olmayan bir gedişdir. Yaxşı olar ki, erməni siyasi dairələri, elitası bunu dərk edib düzgün seçim etsin”.

Müşahidələr göstərir ki, İrəvanın nəzərləri Ağ Evə dikilib. Günün sualı budur: ABŞ prezidenti erməniləri sevindirəcək, yoxsa məyus edəcək? Hər halda gözləyək. Ermənidən tarixən Türkiyə və Azərbaycana qarşı “maşa” kimi istifadə edənlər, işğalçı ölkəyə maliyyə dəstəyi ayıranlardan nə desən, gözləmək olar…

musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*