Amerika administrasiyası Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk vilayətində Ukrayna silahlı qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Vedant Patel bildirib: “Bu gün təsdiq edə bilərəm ki, 10 mindən çox KXDR əsgəri Rusiyanın şərq hissəsinə göndərilib və onların əksəriyyəti qərbi Kursk bölgəsində döyüş əməliyyatlarında iştirak etməyə başlayıblar”. Onun iddiasına görə, Rusiya KXDR əsgərlərinə artilleriya, pilotsuz uçuş aparatlarından istifadə və əsas piyada bacarıqları, o cümlədən ön cəbhə əməliyyatları üçün vacib olan xəndəklərin təmizlənməsi vərdişləri öyrədib”. Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlığa dair saziş iyun ayında Pxenyanda Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In tərəfindən imzalanıb. Müqavilənin 4-cü maddəsinə əsasən, tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə vəziyyətinə düşərsə, digər tərəf sərəncamında olan bütün vasitələrlə ona dərhal hərbi yardım göstərəcək.
Vəli Həsənoğlu,
KONKRET.az