ABŞ səfirliyinin yalan məlumatları Gürcüstan hakimiyyətinin etirazına səbəb oldubackend

ABŞ səfirliyinin yalan məlumatları Gürcüstan hakimiyyətinin etirazına səbəb oldu

Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniganı son günlər hakim “Gürcü arzusu” partiyasını tənqid edən əməkdaşlarının əməllərinə diqqət yetirməyi tövsiyyə edib: “Ümumiyyətlə hadisələrə rasional baxan xanım səfirdən xahiş edərdim ki, əməkdaşlarının fəaliyyətinə daha dərindən nəzər salsın”.

Qeyd edək ki, oktyabrın 1-dən etibarən hər gün sosial şəbəkələrdə ABŞ səfirliyinin saytında hakim “Gürcü arzusu” partiyasını və onun yaradıcısı Bidzin İvanişvilini tənqid edən bannerlər peyda olub. Lakin Gürcüstanın baş naziri onlardan yalnız birinə münasibət bildirib:

“2020-ci il seçkilərində səslərin paralel hesablanmasının nəticələrində 1,8% səhvə görə “Gürcü arzusu” ABŞ-la tərəfdaşlığı niyə təhlükə altına alır? ABŞ tərəfindən maliyyələşdirilən Gürcüstanın “Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti” qeyri-hökumət təşkilatı Qərb donorlarının pulları ilə paralel hesablama aparıb”.

Baş nazir bildirib ki, ABŞ səfirliyi yalan məlumat yayıb. Məsələ burasındadır ki, PVT (səslərin paralel hesablanması) ilə Mərkəzi Seçki Komissiyasının nəticələri arasında səhvlər cəmi 1,8% olduğu halda, reallıqda 2,4% təşkil edib. Bu da 46 min səs deməkdir: “Amerikanın maliyyə dəstəyi ilə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı seçkiləri saxtalaşdırmaqda ittiham etdi və bu, müxalifətin xalqın iradəsinə zidd olaraq hakimiyyəti dəyişməyə cəhd etməsinin, növbədənkənar seçkilər keçirməsinin əsas səbəbi oldu. Səfirlik isə bunu kiçik səhv adlandırır”- deyə Kobaxidze bildirib.

Gürcüstanın baş nazirinin bu addımına baxmayaraq, ABŞ səfiri Robin Dunnigan əhalinin seçimlərində diqqətli olacaqlarına ümid etdiyini bildirib:

“Seçkiqabağı təşviqat zamanı siyasi partiyalar, siyasi namizədlər haqqında çox danışılır.Bu layihədə Avropa İttifaqı ilə əməkdaşlıq etməyimizin səbəbi də budur ki, gürcülər seçkilərə gəlsinlər, səs versinlər və səslərinin gizli olduğuna əmin olsunlar. Ümid edirəm ki, seçimində diqqətli olacaq gürcü xalqı iradəsini sərbəst ifadə edə biləcək”.

Qeyd edək ki, ABŞ və Aİ “Xarici təsirin şəffaflığı haqqında” qanun fonunda Gürcüstanla münasibətlərə yenidən baxılacağını elan edib. Gürcüstanın Qərb tərəfdaşları dəfələrlə ölkə hakimiyyətini qanunun Avropa dəyərlərinə uyğun gəlmədiyini əsas gətirərək onun qəbulundan imtina etməyə çağırıblar. Bundan əlavə, artıq iyun ayında ABŞ Gürcüstanda “demokratiyaya zərbə vurmaqda” günahkar olan bir neçə şəxs və onların ailə üzvləri üçün viza məhdudiyyətinin tətbiq edildiyini bəyan edib. İyulun əvvəlində isə “Layiqli Tərəfdaş 2024” hərbi təlimlərinin təxirə salındığı elan edilib. İyulun sonunda isə ABŞ dövlət katibi Entoni Blinken Gürcüstana 95 milyon dollar məbləğində yardımın dayandırıldığını bəyan edib. Öz növbəsində, Avropa İttifaqı da Gürcüstana qarşı qərəzli mövqe tutub. Aİ Gürcüstan müdafiə nazirliyi üçün 30 milyon avronun dondurulması, həmçinin Gürcüstanın Aİ-yə inteqrasiyası prosesinin dayandırılması barədə qərar çıxarıb.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*