2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Co Bayden ən uğursuz prezidentlərdən biri kimi tarixə düşməkdədir. Erməni diasporasının əlində oyuncağa çevrilən Bayden hakimiyyətə gəldiyi gündən qondarma “erməni soyqırımı” haqda müxtəlif çıxışlar edir. Ötən ilin aprel ayında isə Bayden “soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidenti oldu. Ölkə prezidentinin apardığı uğursuz xarici siyasət ən çox da ermənilərin işinə yarayır. Belə ki, ABŞ-ın Missisipi ştatı qondarma “erməni soyqırımı”nı tanıyan sayca 50-ci və sonuncu ştat olub.
Maraqlıdır, ABŞ-ın bütün ştatlarında qondarma soyqırımının tanınması Türkiyə üçün hansı təhlükə formalaşdırır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, ABŞ-ın qondarma “erməni soyqırımı” ilə bağlı bəyan etdiyi “fikirlər” onun imperyalist maraqlarının növbəti təzahürlərindən biridir: “Tarixdə olmayan bir hadisə haqqında ABŞ rəhbərliyinin daim manipulyasiya etməsi və son olaraq Co Baydenin “soyqırımı” kəlməsini işlətməsi Türkiyəyə qarşı riyakarlığın növbəti göstəricisidir. Bu günə qədər NATO üzvü olduğu halda Türkiyəyə daim xəyanət edən ABŞ qondarma soyqırımı məsələsində də Ermənistan faktorundan yararlanmağa çalışır. Bu gün ölkənin bir çox ştatlarında erməni lobbisinin güclü dayaqları var. Təəsüflər olsun ki, ölkəni təmsil edən bir sıra siyasətçilər və konqresmenlər erməni yalanlarının və böhtanlarının oyuncağına çevriliblər. Lakin bütövlükdə Missisipi də daxil olmaqla ayrı-ayrı ərazilərin və əyalətlərin qondarma soyqırımını tanımasının Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Türkiyə bu gün regional gücdən qlobal gücə çevrilib”.
Politoloqun fikrincə, dünyada sülhün, etimad mühitinin əldə edilməsində Türkiyə faktoru danılmazdır: “Qardaş ölkə indi dünyada həm hərbi, həm də siyasi baxımdan əsas söz sahiblərindən biridir. Onun artan nüfuzundan və uğurlarından narahat olan kollektiv Qərb şüurunun bu gün Türkiyə əleyhinə hansısa qərar verməyinin önəmi yoxdur. Bu mənada hətta ABŞ-ın bütün ərazisində qondarma soyqırımının tanınması Türkiyədən çox ABŞ-ın ziyanınadır. Türkiyə heç bir halda onlardan asılı deyil. ABŞ isə Avrasiya məkanında önəmli müttəfiq və tərəfdaşını itirmək riski ilə üz-üzədir. Hesab edirəm ki, “soyqırımı” məsələsində Ermənistandan və erməni diasporasından oyuncaq kimi istifadə edən ABŞ və digər Qərb dövlətləri əslində NATO-nun özünü də gözdən salır. Bütün bunlar NATO daxilində birliyinin olmadığını, təşkilatın siyasi və hərbi məqsədlərdən daha çox ABŞ-ın hegemonluğuna xidmət edən bir quruma çevrildiyini sübuta yetirir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az