ABŞ siyasətinin hiyləgərliyi: Rusiya ilə gizli müttəfiq olan Vaşinqton Avropa İttifaqını necə aldadır?backend

ABŞ siyasətinin hiyləgərliyi: Rusiya ilə gizli müttəfiq olan Vaşinqton Avropa İttifaqını necə aldadır?

Rusiya sentyabrın 27-də “Şimal axını” əsas marşrutu üzrə Avropaya təbii qaz nəqlini tamamilə dayandırıb. Qaz nəqlinin zədələnmiş avadanlıqlar təmir olunduqdan sonra bərpa ediləcəyi açıqlansa da, bunu Rusiya tərəfindən Qərbə bir xəbərdarlıq kimi də qiymətləndirənlər az deyil. Bəs görəsən Rusiya qaz nəqlini dayandırmaqla Qərbə xəbərdarlıq edir, yoxsaproblem həqiqətən də texniki məsələ ilə əlaqədardır?

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, rəsmi izah müxtəlif cür elan oluna bilər: “Rusiya tərəfi üçün bəhanələr tapmaq çətin deyil. Reallıq ondan ibarətdir ki, son aylar baş verən proseslər, Ukraynadakı münaqişə yalnız siyasi və hərbi məsələlər deyil, daha çox iqtisadi amillərlə bağlıdır. Biz görürük ki, faktiki olaraq Rusiya 1972-ci ildən bəri çıxış etdiyi Avropanın xammal bazası rolundan çəkinməyə çalışır. Burada ABŞ-ın da çox böyük maraqları var. Bunun məntiqi əsası mövcuddur. Çünki, Sovet İttifaqının, sonra isə Rusiyanın bu rolda çıxış etməsi öncə SSRİ-nin dağılmasına səbəb oldu. İndi də Kreml rəhbərliyi anlayır ki, prosesin bu cür davam etməsi Rusiya iqtisadiyyatının çökməsi ilə nəticələnəcək. Ona görə də, Rusiya xammal bazası kimi çıxış etmək siyasətindən yayınmağa çalışır. Yumşaq desək Avropadan yaxa qurtarmaq istəyir. Digər tərəfdən isə bu addımla Avropa iqtisadiyyatının çökdürülməsi kimi bir hədəf mövcuddur. Bu hədəfdə ən maraqlı tərəflərdən və Rusiyanın görünməyən müttəfiqlərindən biri də ABŞ-dır. Sözdə Avropa İttifaqının ən yaxın müttəfiqi olan ABŞ bu məsələdə Rusiya ilə həmfikirdir. Burada ABŞ çox böyük siyasi və iqtisadi dividentlər əldə edir. Bir tərəfdən Rusiya qazının real alternativi ABŞ-ın mavi yanacağıdır. Qiyməti çox baha olmasına rəğmən Avropa bu qazı almaq məcburiyyətindədir. Digər tərəfdən isə ABŞ öz ixracatını və valyutadaxilolmalarını artırır. Həmçinin ABŞ Avropanın siyasi və hərbi cəhətdən özündən asılılığını təmin edir. Çünki Rusiya ilə münaqişədə Avropanın heç bir ölkəsi tab gətirə bilməz. Bu halda Qərbin müraciət mənbəyi yenə də Amerika olacaq. Avropa üzərində hegemonluq üçün isə bu, çox əla fürsətdir”.

Elşad Məmmədov

İqtisadçının sözlərinə görə, ABŞ siyasətinin hiyləgərliyi həddən artıq çoxdur: “Çünki Avropa İttifaqının əsas müttəfiqi ola-ola faktiki şəkildə Qərbin çökməsinə istiqamətlənən siyasət həyata keçirir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bunu Avropa liderləri ya dərk etmək istəmirlər, ya da onların siyasəti öz ölkələrinin milli maraqlarına cavab vermir. Rusiya onsuz da ilin əvvəlindən Avropaya qaz ixracını kəskin şəkildə azaldıb. İlin sonuna qədər isə az qala qaz satışının üçdəikisi azalacaq. Amma yenə də Rusiyanın qaz ixracından valyutadaxilolmaları artıb. Digər tərəfdən Rusiya öz qazını Asiya bazarına istiqamətləndirməyi hədəfləyir və bu istiqamətdə addımlar atır. Eyni zamanda Rusiyanın daxilində qaz emalı ilə bağlı çox geniş imkanlar var. İqtisadiyyatlarını inkişaf etdirmək əvəzinə özlərini Avropanın xammal bazasına çeviriblər. Rusiya bundan çəkinməlidir. Əks halda iqtisadiyyatının bütün istiqamətlərdə deqredasiyaya uğraması ilə nəticələnəcək. Hesab edirəm ki, münaqişənin uzadılması belə böyük bir siyasətin məntiqi nəticəsidir. Bu gün Putin həm də Rusiyanın milli maraqlarına uyğun siyasət həyata keçirməyə mane olan elitadan yaxa qurtarmağa çalışır. Bu siyasəti qoymaqla onların Rusiya elitasında yeri olmadıqlarını sübuta yetirir. Odur ki, indiki Rusiya hakimiyyəti qarşısında olduqca mürəkkəb bir hədəf dayanıb. Amma Rusiyanın gücləndirilməsinin başqa yolu yoxdur və ona görə də bu cür siyasət həyata keçirilir. Düşünürəm ki, bu hədəflərə çatana qədər müharibə davam edəcək və əvvəlki kimi Rusiya Avropanın xammal bazası olmayacaq”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*