Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında miqrantların həbsinə qarşı başlayan etiraz aksiyaları artıq geniş vüsət alıb. Həbslərə qarşı etirazlar daha da kəskinləşəndən sonra Prezident Donald Tramp etirazları yatırmaq məqsədilə ştatın mərkəzi şəhəri Los-Ancelesə əlavə 2 000 Milli Qvardiya əsgəri və 700 hərbi dəniz piyadasının göndərilməsini təsdiqləyib. Bu hadisələrdən sonra Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ Prezidenti Donald Trampa, Pentaqona, həmçinin müdafiə naziri Pit Heqsetə qarşı məhkəmə iddiası qaldırıb. Həmçinin, Kaliforniyanın baş prokuroru Rob Bonta da prezidentin ştat qubernatorunun razılığı olmadan ordu yeritməsini birmənalı qarşılamayıb. Los-Ancelesin meri Karen Bass da əyalətə federal müdaxilənin yolverilməz olduğunu bildirib. Bütün bunlar isə Birləşmiş Ştatların daxili təhlükəsizliyi və Prezident Trampın siyasi gələcəyi ilə bağlı bir sıra sualların yaranmasına səbəb olub.
KONKRET.az xəbər verir ki, baş verənləri Oxu.Az-a şərh edən amerikalı diplomat, ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib ki, son ictimai rəy sorğularına görə, amerikalıların 54 faizi Prezident Trampın bu siyasətini dəstəkləyir, təxminən 46 faizi isə buna qarşıdır:
“Lakin etirazçıların sayı az olsa da, onların etiraz etmək hüququ var. Kaliforniyanın yerli hüquq-mühafizə orqanları ABŞ federal hökumətinə immiqrantların tutulmasını və deportasiyasını qadağan edən qanun qəbul edib. Lakin ABŞ Konstitusiyasına əsasən, əksər hallarda federal qanun yerli qanunlardan üstün sayılır. Yəni, əgər federal qanun deyirsə ki, qeyri-qanuni immiqrantlar həbs edilməli və deportasiya olunmalıdır, ştatın daxili qanunu ilə bu prosesi dayandırmaq mümkün deyil. Tramp administrasiyası da bildirir ki, Kaliforniya ştatı və Los-Anceles rəhbərliyi federal qanunu yerinə yetirməkdən imtina edir və bu, qanunsuzdur. ABŞ administrasiyası iddia edir ki, əgər bir şəhər ABŞ qanunlarını icra edə bilmirsə, o zaman federal hökumət öz nəzarətində olan hərbiləşdirilmiş qüvvələri göndərməli və qanunun icrasını özü təmin etməlidir. Bütün bunlar isə ABŞ-də çox təhlükəli bir presedent yarada bilər.
Hazırda gedən mübarizənin əsas sualı budur: Prezident Tramp hərbçiləri bölgəyə göndərməklə gərginliyi süni şəkildə artırır və qəsdən siyasi böhran yaradır? Qeyd etmək lazımdır ki, Los-Anceles kimi böyük bir şəhərin yalnız kiçik hissəsində etirazlar baş verir və onların əksəriyyəti dinc şəkildə baş tutur. Ancaq axşam saatlarında bəzi qruplar zorakılığa əl atır, federal hüquq-mühafizə orqanlarına hücum edir, divarları boyayır və ya avtomobilləri yandırırlar. Los-Anceles polisi və yerli rəhbərlik bu zorakılıqlara qarşı mübarizə aparır və şəhər meri həmin kiçik ərazi üçün komendant saatı elan edib. Bu da öz-özlüyündə sözügedən sualı doğurur. Bütün bunların ABŞ siyasəti üçün ciddi nəticələri ola bilər. Necə ki, artıq digər şəhərlərdə də bu tip etirazların baş verdiyi müşahidə olunur. Prezident Tramp və müdafiə naziri Pit Heqset isə digər şəhərlərə də federal nəzarətli hərbi qüvvələr göndərilə biləcəyini bildiriblər”, – deyə diplomat vurğulayıb.
Sabiq səfir əlavə edib ki, əgər bu hal baş verərsə, ABŞ yeni bir siyasi mərhələyə daxil olacaq: “Hətta bunu konstitusiya böhranı da adlandırırlar. Çünki, prezidentin ordu vasitəsilə daxili məsələlərə müdaxilə cəhdi ABŞ Konstitusiyasına ziddir”.