ABŞ vitse-prezidentinin 7 milyon dollar sərvəti var – Necə qazanıb? – TƏFƏRRÜATLARbackend

ABŞ vitse-prezidentinin 7 milyon dollar sərvəti var – Necə qazanıb? - TƏFƏRRÜATLAR

ABŞ-ın ilk qadın və ilk asiya-amerikalı 49-cu vitse-prezidenti Kamala Harrisin 7 milyon dollar sərvəti var.

KONKRET.az  xəbər verir ki, “Forbes” nəşri ABŞ-ın vitse-prezidentinin bu sərvəti necə əldə etdiyini araşdırıb.

Bildirilir ki, Kamala Harris 20 oktyabr 1964-cü ildə ABŞ-ın Oklend şəhərində mühacir ailəsində dünyaya gəlib. Anası Hindistandan ABŞ-a tələbə olaraq gələn bioloq, atası isə Yamaykadan ABŞ-a təhsil almaq üçün gələn qaradərili iqtisad professorudur.

Harrisin valideynləri kiçik bacısı Mayanın anadan olmasından qısa müddət sonra ayrılıblar. O zaman 12 yaşında olan Harris bacısı və xərçəng xəstəsi olan anası ilə birlikdə Kanadanın Monreal şəhərinə köçüb. Daha sonra hüquq fakültəsinə daxil olmaq üçün ABŞ-a, Kaliforniyaya gedib. 1989-cu ildə məzun olduqdan sonra prokurorluq sistemində çalışmağa başlayıb. 2010-cu ildə Kaliforniya Baş Prokurorluğuna namizədliyini verərək əyalət tarixində seçilən ilk qaradərili və ilk qadın olub. 2011-ci ilin yanvar ayında Baş prokuror vəzifəsinin icrasına başlayıb və cəmi bir ay sonra Kaliforniyada cinayətkar şəbəkəyə qarşı ABŞ tarixinin ən böyük əməliyyatını başladıb. Kaliforniyaya əsasən Rusiya və Ermənistandan köçən və “Erməni gücü” (“Armenian Power”) adlandırılan cinayətkar şəbəkənin 100-dən çox üzvünü həbs etdirib.

2014-cü ildə ikinci dövr əyalət prokurorluğuna yenidən seçilən Harris 2016-cı ildə keçirilən prezident seçkilərində Kaliforniyadan Konqresə girən ilk Cənubi Asiya mənşəli və ikinci qaradərili senator olub.

Harris 2014-cü ildə yəhudi əsilli vəkil Duqlas Emhoff ilə ailə həyatı qurub. Harris Emhoff ilə evləndikdən sonra bəyan etdikləri ortaq vergi bəyannamələrində hər il 1 milyon dollardan çox gəlir əldə etdiklərini açıqlayıblar. .

Kamala Harris 2019-cu ildə “Truths We Hold” adlı xatirələr kitabını nəşr etdirib. Bu kitab ABŞ-da 200 000-dən çox nüsxə satılıb. Vergi bəyannamələrində göstərilir ki, Harris bu kitabın satışından 879 000 dollar qazanıb. Vitse-prezident olaraq hazırda Harrisin illik maaşı 230 700 dollar təşkil edir.

Vitse-prezident seçilməzdən əvvəl Harris həyat yoldaşına məxsus “DLA Piper” adlı hüquq firmasının ortağı olub. Bu şirkətin ortağı kimi 2,8 milyon dollar qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*